BAKI, 3 noyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Qəzza zolağına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bunlar hava və qurudan eyni vaxtda həyata keçirilən dəqiq zərbələrdir. Hədəfin HƏMAS radikallarının olduğu deyilib.
Hadisə zolağın cənub hissəsində baş verib. İsrail tərəfinin bildirdiyinə görə, radikallar atəşkəs razılaşmasını pozaraq “Sarı xətt”i keçiblər.
Ordu atəşkəsin pozulmasından söhbət getmədiyini vurğulayıb. Zərbələrin qoşunlar üçün təhlükəni aradan qaldırmaq məqsədi daşıdığı qeyd edilib.
Bəyanatda vurğulanıb ki, İsrail ordusunun Qəzza zolağındakı bölmələri atəşkəs razılaşmasına uyğun olaraq dislokasiya olunmuş vəziyyətdədir və istənilən ani təhdidləri aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək.