AZ

Valideyn olmaq istəyənlərin NƏZƏRİNƏ - Övladınızın göz rəngini seçmək "təklif olunur"

Azərbaycanda bəzi klinikalar valideynlərə süni mayalanma vasitəsilə dünyaya gələcək körpənin göz rəngini, cinsiyyətini və s. körpə ilə bağlı nüansları təyin etmək imkanı “təklif edirlər”. Bir çox hallarda ailələr normal uşaq sahibi ola biləcəkləri halda məhz bu “təklif”dən yararlanmaq üçün süni mayalanmaya üz tuturlar. Lakin bəzi hallarda nəticə heç də vəd edilən kimi olmur.

Maraqlıdır, bəs həqiqətən də süni mayalanma zamanı körpənin göz rəngi, cinsiyyəti və s. nüanslar valideynlərin istədikləri kimi təyin edilə bilirmi?

 

Həkim-ginekoloq Rəşad Sultan Manset.az-a açıqlamasında bu sualı ətraflı cavablandırıb.


“Süni mayalanma prosesi zamanı körpənin göz rənginin təyin olunması sadəcə cəfəngiyyatdır. Düzdür, bu prosesdə cinsiyyət seçimi imkanı var, amma bu, qanundan kənardır. Yəni heç bir ailənin cinsiyyat seçimi imkanı olmamalıdır və heç bir ölkənin qanunlarında da buna icazə verilməməlidir. Cinsiyyət seçiminə yalnız bir halda icazə vermək olar. Bu da cinsiyyətlə keçən genetik xəstəlik riskinin olması halıdır”.

Ginekoloq qeyd edib ki, süni mayalanma xüsusi xromosomların seçilməsinə icazə verən bir prosesdir. Bu səbəbdən xüsusi xəstəliklərin qarşısının alınması baxımından bu prosesin üstünlükləri mövcuddur.

“Süni mayalanmanı biz sadəcə övladı olmayan valideynlərdə deyil, ailəsində ciddi genetik xəstəliklər olan pasiyentlərdə də edirik. Süni mayalanma bizə imkan verir ki, xromosomlara baxaq. Genetik xəstə genləri kənara qoyub sağlam rüşeymləri ana bətninə köçürək. Səbəbi xromosom qüsuru olan təkrarlayan düşüklər və ya ailədə sübut olunmuş genetik xəstəlik hekayəsi olan pasiyentlərdə sağlam xromosomlu, sağlam genli uşaq dünyaya gətirmək istəyən pasiyentlərdə də biz süni mayalanma edirik. Əslində, bu pasiyentlər normal formada hamilə qala bilirlər. Bizim süni mayalanma etməkdə məqsədimiz uşaq ana bətninə düşmədən onun genlərinə baxmaq, xəstə genləri uzaqlaşdırıb sağlam olanları ana bətninə yerləşdirməkdir. Süni mayalanma bizə bu imkanı da verir”.

 

Fidan Vəlisoy 

Seçilən
28
manset.az

1Mənbələr