AZ

Alkoqolizmin inkişafında gözlənilməz amil müəyyən edilib

Yağlı və şəkərli qidaları qəfil şəkildə pəhrizdən çıxarmaq və sağlam qidalanmaya keçmək, alkoqol istəklərini artıra bilər.

Editor.az xəbər verir ki, bu barədə “Alcohol: Clinical and Experimental Research” jurnalında dərc olunan yeni elmi araşdırmada bildirilir.

Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Əvvəlcə heyvanlar yüksək kalorili, yağlı və şəkərli qidalarla qidalanıblar. Daha sonra onların qidalanma rejimi qəfil dəyişdirilərək daha sağlam pəhriz tətbiq edilib. Nəticədə, davranış testləri zamanı gəmiricilərin sudan daha çox spirtli məhlullara üstünlük verdiyi müşahidə olunub.

Mütəxəssislərin izahına görə, əsas səbəb pəhrizin qəfil dəyişməsi nəticəsində bağırsaq mikrobiotasında yaranan pozuntularla bağlıdır. Bağırsaq bakteriyalarının tarazlığı pozulduqda, beynin “mükafat sistemi” adlanan hissəsinə təsir edən maddələrin səviyyəsi dəyişir. Bu da orqanizmin həzz mənbəyini itirdikdə alternativ axtarışına, yəni alkoqola yönəlməsinə gətirib çıxarır.

Tədqiqat müəllifləri bildiriblər:

“İnsan birdən-birə illərlə qəbul etdiyi, lakin sağlam olmayan qidaları pəhrizdən çıxardıqda, bağırsaq bakteriyaları bu dəyişikliyə mənfi reaksiya verir. Nəticədə yaranan daxili disbalans içki istəklərini artıra bilər”.

Alimlər vurğulayırlar ki, sağlam həyat tərzinə keçid tədricən aparılmalıdır. Çünki pəhrizin qəfil dəyişdirilməsi yalnız bədənə əlavə stress yaratmaqla kifayətlənmir, həm də psixoloji asılılıqları gücləndirə bilər.

Araşdırmanın müəllifləri xüsusilə alkoqol asılılığına meylli şəxslərin diqqətli olmasını tövsiyə ediblər. Onların sözlərinə görə, ən doğru yanaşma, zərərli qidaları tədricən azaltmaq və bədənin mikrobiomuna yeni şəraitə uyğunlaşmaq üçün vaxt verməkdir.

Bu üsul həm orqanizmin stressə qarşı davamlılığını artırır, həm də sağlam vərdişlərin daha uzunmüddətli olmasına şərait yaradır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
74
editor.az

1Mənbələr