AZ

Qəzzada atəşkəsə baxmayaraq, aclıq davam edir

Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən həftələr keçməsinə baxmayaraq, İsrailin məhdudiyyətləri səbəbindən hələ də aclıqdan əziyyət çəkən fələstinlilər humanitar yardım gözləyir.

Busaat.az xəbər verir ki, əsas ərzaq məhsullarının Qəzzaya girişini məhdudlaşdıran və dəbdəbəli malların keçməsinə icazə verən İsrail bölgədə aclıq və yoxsulluğu daha da artırarkən, dolanışıq imkanlarını tamamilə itirən fələstinlilər üçün qiymətlər əlçatmaz həddə çatıb.

2014-2020-ci illərdə BMT-nin Qida Hüququ üzrə Xüsusi Məruzəçisi vəzifəsində çalışmış Hilal Elver mövzu ilə bağlı Anadolu Agentliyinə (AA) danışıb.

Elver qeyd edib ki, İsrailin Qəzzaya hücumlarını dayandırması bölgədə aclığın sona çatması demək deyil. O, “İsrail aclıqdan Qəzzada fələstinlilərə qarşı soyqırım vasitəsi kimi istifadə etdi” dedi.

Yardım tələbatdan xeyli aşağıdır

Qəzzadakı Fələstin hökumətindən verilən məlumata görə, atəşkəs razılaşmasının qüvvəyə mindiyi 10 oktyabrdan bəri hər gün orta hesabla 89 yardım maşını bölgəyə daxil olub. Bölgədəki humanitar ehtiyacların ödənilməsi üçün bu rəqəmin ən azı 600 olması lazım olduğu vurğulanır.

Hökumətin media ofisindən verilən açıqlamada, “İsrail işğalı 2,4 milyondan çox fələstinliyə qarşı boğulmaq, aclıqdan ölmək və humanitar şantaj siyasətini davam etdirir” deyilir.

Bəyanatda qeyd olunub ki, İsrailin atəşkəsə baxmayaraq, bölgəyə humanitar yardımları, xüsusilə ərzaqları məhdudlaşdırmaq siyasəti fələstinli mülki əhalinin həyatı üçün təhlükə yaradır.

Fələstinlilərin yemək tapmaq üçün gündəlik mübarizəsi

Qəzzanın cənubundakı Xan Yunisin Mavasi rayonunda məcburi köçkün fələstinlilər “Səade” adlı şorbaxananın qarşısında boş qablarla növbə çəkərək yemək almağa çalışırlar.

Bölgədəki çoxsaylı şorbaxanalar 10 oktyabr atəşkəsdən sonra fələstinliləri daha çox yeməklə təmin etməyə çalışır.

Şorbanın sahibi Saad Abdin Anadolu Agentliyinə (AA) deyib ki, onlar hər gün məcburi köçkün fələstinlilərə yemək verirlər.

Qohumlarını ziyarət edərkən Qəzza zolağında qalan misirli qadın bazarda qiymətlərin baha olmasından şikayətlənərək atəşkəsə baxmayaraq, qiymətlərin yüksək olaraq qaldığını bildirib.

Misirli qadın “Atəşkəs yalnız addadır, reallıqda deyil. Un bahadır, ailəm səkkiz nəfərdir. Mənim bu qiymətlərlə alış-veriş etməyə imkanım yoxdur” deyib.

Yeganə

 

Seçilən
36
busaat.az

1Mənbələr