AZ

“Kinoda peşəkarlıq itib, aktyorları ancaq pul maraqlandırır” - Kinostudiyanın sex rəisi ilə MÜSAHİBƏ

Mehman Qəhrəman oğlu Nadirov 1960-cı ildə Biləsuvar rayonunda anadan olub.  Səs mühəndisi, səs rejissoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisidir. 1983-cü ildən “Azərbaycanfilm” Kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Hazırda Səsyazma-montaj sexlərinin rəisi və səs rejissorudur. Mehman Nadirov bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərib.

“Yeni Sabah”ın suallarını səs rejissoru, Əməkdar mədəniyyət işçisi Mehman Nadirov cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- 65 illik ömrünüzün 40 ildən çoxunu kinoya həsr etmisiniz. Geriyə dönüb baxdıqda öz işinizdən razısınızmı? Toyuqlu pizza

- Geriyə baxanda görürəm ki, məni qane etməyən çox şey var. 40 il ərzində əsas işim aktyor və rejissorlarla olub. Onlarla münasibət qurmağı öyrənmişəm. Çünki hər insanın fərqli xarakteri var və hamısı ilə işləməyə məcbursan. Ona görə də hər şeyə dözməyi bacarmaq lazımdır.

- Bəs bu prosesləri necə tənzimləyirsiniz? Aktyor və rejissorlarla münasibət balansını necə qurursunuz?

- Bizim aramızdakı əsas mübahisə səs və sözlərdəki vurğu məsələsinə görə yaranır. Çünki vurğu elə bir şeydir ki, düzgün demədikdə sözün mənası da dəyişir. Bu da kənardan yaxşı görünmür. Bunu düzəltməyə çalışmağımız da arada müəyyən gərginliklər yaradır. Yenə də yola verməyə çalışırıq.

- Bu kinostudiyaya bağlı olmağınızın əsas səbəbi nədir? Burada nələr qazanmısınız?

- Bura mənə çox şey qazandırıb. Mən yeniyetmə yaşımda buraya qədəm qoymuşam. Demək olar ki, hər şeyi burada öyrənmişəm. İnsan cavan yaşlarında bir az da çılğın olur. Mən bütün bunlara baxmayaraq, burada hər kəslə yaxşı münasibət qurmağı bacarmışam.

- Bəs kinoda səsə nə dərəcədə əhəmiyyət verilir? Əsas faktor kimi görüntü nəzərə alınır, ya səs?

- Kinematoqrafiyada görüntü qədər səsə də əhəmiyyət verilir. Çünki diqqət etsəz görərsiniz ki, bizim evdar xanımlarımız belə iş görə-görə filmi qoyub onun səsini dinləyərək hadisələri əlaqələndirməyə çalışırlar. Çünki bəzən oturub bir kadra diqqətlə baxmaq mümkün olmur. Ona görə də, düşünürəm ki, kino sahəsində səs daha vacibdir, nəyinki görüntü.

- Bəs süni intellekt dövründə təbiiliyi qoruyub saxlamaq sizin üçün çətin olmur? Məlum məsələdir ki, bu dəqiqə demək olar ki, süni intellektlə istənilən səs və görüntünü yaratmaq mümkündür.

- Hələ ki, bu cür problemlərlə rastlaşmamışıq. Bizim işimiz aktyorların öz səsini yazaraq, həmin səsin üzərində işləməkdən ibarətdir. Bir sözlə, süni intellektdən istifadə etmirik.

- Səs rejissoru olaraq aktyorlarla çox işləyirsiniz. Kimlərlə işləmək daha çətindir?

- Təcrübəli aktyorlarla işləmək asandır. Yeni işə başlayanlarla isə problemlər yaranır. İstər-istəməz səs titrəmələri və həyəcan səsyazmaya təsir edir. Bütün bu halları da normal qarşılayırıq. Dublyaj aktyorları ilə işləmək isə olduqca asandır. Çünki onlar sənətkardır. Onlara tək bir işarə kifayətdir ki, nə istədiyimizi anlasınlar.

- Səslə işləyən zaman musiqi, danışıq və effektlər bir-birinə mane olmadan harmoniyada eşidilməsi necə təmin olunur? Məsələn, “Çölçü” filmində küləyin səsi, quşların oxuması və ya dialoqlar arasındakı pauzalar…

- Səsləri tarazlamaq bir az çətin prosesdir. Çünki burada əsas olan odur ki, insanın nitqi aydın şəkildə eşidilsin. Yəni səs musiqidən də, təbiətin səsindən də aydın seçilməlidir. Əgər ortaya yaxşı iş qoymaq istəyirsənsə, bütün bunlara diqqət etmək lazımdır. Harada musiqi daha çox eşidilirsə, orada professionallıqdan söz gedə bilməz. Bəzi çəkilişlərdə isə ətraf səsləri o qədər çox olur ki, məcbur qalıb aktyorun nitqini studiyada yazmalı oluruq.

- Bildiyim qədərilə bu halda dəqiqliyi qorumaq vacibdir. Çünki bəzən görürük ki, aktyor və ya aparıcı danışır, amma səslə dodaq hərəkətləri üst-üstə düşmür. Bunu necə tənzimləyirsiniz?

- Tutaq ki, aktyor at çapır və atın üstündə olarkən hansısa nitqi səsləndirir, lakin səsdən onu eşitmək olmur. O zaman studiyada yazılan səsi eyni formada çəkilişə əlavə edirik. Təbii ki, burada çox diqqətli olmaq vacibdir. Dediyiniz kimi dodaq hərəkətlərinin səslə üst-üstə düşməməsi çox qeyri peşəkarlıq kimi görünür. Belə olan halda da insanda elə təsəvvür yaranır ki, səsləndirməni aktyor yox, süni intellekt edir.

- Onda belə çıxır ki, bugünki televiziya kanallarının əksəriyyəti qeyri peşəkardır? Çünki bəzi verilişlərdə şou xətrinə səslənən fon musiqisi səbəbindən heç nə eşitmək olmur.

- Əlbəttə, bu, doğru bir şey deyil. Hər işin sənətkarı olmaq vacibdir. Dediyim şeylərə əməl etmək çox önəmlidir. Əsas olan şou yox, peşəkarlıqdır.

- Kino sahəsi necə, sizi qane edirmi? Burada hansı boşluqların olduğunu düşünürsünüz?

- Ümumi baxdıqda peşəkarlıq itib. Köhnə ssenaristlər də, rejissorlar da, aktyorlar da kinoya daha diqqətlə yanaşırdılar. Bəzən serilallara baxıram. Düşünürəm ki, onlarda az da olsa keyfiyyət qorunub, saxlanılıb.

- Seriallarda keyfiyyət məsələsi qalıbsa, niyə hələ də tənqidlər baş alıb gedir? Demək olar ki, insanların çoxu ssenarilərin absurluğundan və aktyorların duyğusuzluğundan, süniliyindən şikayətlənirlər...

- Bu fikrlə də razıyam. Burada əsas problem təhsillə bağlıdır. Bizdə universitetlərdə yalnız nəzəri biliklər öyrədilir. Eyni zamanda insanda gərək istək olsun. Bizim indiki aktyorların əsas fikirlərindən biri pul qazanmaqdır. Bu işi öyrənmək üçün səy göstərmirlər. Universitetlərin də bütün texnikaları olmalıdır. Aktyorlar davamlı olaraq məşq proseslərində iştirak etməlidirlər.

- Onda belə çıxır ki, nəzəriyyə yox, praktika daha vacibdir?

- Əlbəttə. Oxumaq da lazımdır, amma əsas olan məşq və prosesin içində olmaqdır. Həmçinin insan gördüyü işdən zövq almağı da bacarmalıdır.

- Belə başa düşürəm ki, yaddaqalan filmlərimizin olmamasının da səbələrindən biri budur. Nəyə görə üstündən illər də keçsə, “Qaynana”, “Bəyin oğurlanması”, “Bəxt üzüyü” kimi filmlərimiz hələ də sevilir, hamının da yaddaşındadır.

- Bu bir az da dövrdən asılıdır. İnsan dəyişdikcə düşüncələr, fikrlər və zövqlər də dəyişir. O filmləri unudulmaz edən əsas faktorlardan biri də aktyor əməyi və sevgisi idi. İndiki gənclər işinə o qədər də sevgi ilə, ürəkdən yanaşa bilmirlər. Onların əsas düşüncələrindən biri də tanınmaq, məşhurlaşmaq olur. Bu da iş sahəsində özünü açıq-aydın göstərir.

- Onda demək olar ki, kino doğrudan da Sovet dövrü ilə indiki dövrün arasında sıxışıb qalıb. Nə o yanlıq olur, nə də bu yanlıq...

- Sovet dövründə inqlablar, İkinci Dünya müharibəsi var idi. Çəkilişlər də əsasən bu mövzularda aparılırdı. Mövzu çox idi. İkinci Qarabağ müharibəsi haqqında da 7-8 film çəkilib. Zaman nəyi tələb edirsə, onu da etməyə məcbur oluruq, amma indi mövzu qıtlığı olduğunu düşünürəm. Çünki zaman dəyişdikcə insanların maraq dairəsi də başqa cür olur.

- Bəs Ermənistanla sülh sazişi bağlandıqdan sonra müharibə filmlərimizin aqibəti necə olacaq? Nələrə diqqət yetirməli olacağıq?

- Hələ sülhə tam da nail olmamışıq. Yenə də düşünürəm ki, həyatda sülhdən gözəl şey yoxdur. Münasibətləri düzəltmək vacibdir. Əks halda qonşuluq münasibətlərini qura bilmərik. Filmlər də əvvəlki qaydada çəkiləcək. Biz onsuz da humanist xalqıq. Elə “Hasar” filmində də göründüyü kimi.

- İndi demək olar ki, aktyor, rejissor, ssenarist, bir sözlə, hamı maliyyə problemlərindən şikayətlənir...

- Əslində indi kino sahəsinə vəsait ayrılır. Seçilən 7-8 filmin maliyyələşməsi həyata keçirilir. Bizə də səsləndirmə ilə bağlı müraciətlər olunur. Köməyimizi əsirgəmirik.

- Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin olunub. Ondan razısınızmı? Hazırki fəalliyəti sizi qane edirmi? Problemlərin həlli üçün çalışırmı?

- Düşünürəm ki, yaxşı olacaq. Yeni filmlər çəkiləcək. Fikrimə, böyük dəyişikliklər olacaq.

- Ən çox hansı rəhbərliyin dövrü kino adamları üçün qənaətbəxş olub? Hansı dövrdə az da olsa kino sahəsində addımlar atılıb?

- Bu barədə danışmağa dəyməz. Çünki yeni rəhbərliyimiz də təzə seçilib. Nələr olacağını hələlik bilmirik.

- Rasim Balayev deyir ki, kinostudiyaya kim rəhbər təyin olunursa, olunsun xeyri yoxdur. Siz bu barədə nə düşünürsünüz?

- Rasim Balayevin şəxsi düşüncələrinə qarşı bir fikir səsləndirə bilmərəm, amma düşünürəm ki, Əli Vəlidən bir az üstün ola bilər. Kinoya pulun ayrılması da kökdən dəyişən bir şeydir. Maliyyə də hər zaman ayrılır.

- Bir ara kinostudiya müsabiqə elan etmişdi. Köhnə əşya, geyim, maşın və digər ləvazimatlar axtarılırdı. Həmin əşyaları necə əldə etdiniz? Vətandaşlara buna görə hansısa vəsait ödənildimi?

- Əlbəttə. Əşyaların çoxunu müəyyən pul qarşılığında almışıq. Böyük anbarlarımız var və həmin geyimlər də, əşyalar da orada saxlanılır. Bəzən elə olur ki, insanlar özü də bizə müəyyən geyim və əşyalarını bağışlayırlar, biz də onları lazım olduqca film çəkilişlərində istifadə edirik. Axtardığımız da bizdə olmayan əşyalar idi. Vəsaitimiz olduğu halda da, həmin əşyaları alırıq.

- Əbulfəz Qarayev mədəniyyət naziri olduğu dövrlərdə söz-söhbət yaranmışdı ki, kinostudiyanın ərazisinin bir hissəsi satılıb. Bu iddialar nə dərəcədə doğrudur?

- Bu məlumat doğru deyil. Burada yalnız kinostudiya işçiləri üçün yaşayış binası tikilib. O mənzillər də o vaxtkı işçilərin təxminən 30 faizinə cüzi məbləğ qarşılığında satılıb. O məbləğ də yalnız tikinti materiallarına uyğun hesablanıb. Bir sözlə, həmin tikintidən heç bir vəsait əldə olunmayıb.

- İndi necə, verilirmi belə mənizlər?

- Xeyir. Hazırda belə bir şey yoxdur.

- Bəs təmir məsələləri necə, belə bir plan varmı? Bu barədə hər hansı bir məlumat verilibmi?

- Bəli. Proseslər gedir. Deyilənə görə Kino Agentliyində plan hazırlanır. Tam da məlumatlı deyiləm. Bildiyim qədərilə hissə-hissə təmir prosesi gedəcək.

- Son olaraq, müsahibənizi oxuyacaq insanlara nə demək istəyirsiniz?

- Demək istəyirəm ki, Azərbaycan kinosu yaşayır, yaradır. Hər zaman da yaşayacaq. Kinolarımıza baxın. Çatışmayan bütün məqamları da qeyd edin, müəlliflərimiz bilsin, xəbərdar olsun.

Aydan Hacı  


Telegram kanalımız
Seçilən
70
yenisabah.az

1Mənbələr