AZ

Bazarda nə baş verir? Güzəşt bitmədən bahalaşma

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda hibrid avtomobillərin idxalına tətbiq olunan güzəştlərin müddəti bitir. 

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə ƏDV-dən azad olacaq. Yəni qərar sadəcə elektromobillərə şamil olunacaq. 

1 yanvar 2026-cı ildən etibarən sözügedən avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olmayacaq. Lakin qərarın icrasına hələ 2 ay olmasına baxmayaraq, maşın bazarındakı qiymətlər artıq dəyişib. Belə ki, son günlərdə hibrid avtomobillərin qiyməti yüksəlib. Eyni zamanda, ikinci əl avtomobillər də bahalaşıb. Göründüyü kimi, hibrid avtomobillərə tətbiq olunan güzəştin ləğv olunması xəbəri belə bazarda qiymət artımına səbəb olub. 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yeni ildən hibrid avtomobillər idxal olunanda qiyməti yüksələcəyi üçün ölkədə olan hibrid avtomobillərin də bahalaşması labüddür: 

“Bu, qaçılmaz bir prosesdir. Çünki əldəki avtomobillər satıldıqdan sonra yeni idxal edəcəkləri hibrid avtomobillərin qiyməti baha olacaq. Ona görə də hazırkı qiymət artımı normaldır və bazarın qaydalarına uyğundur. Əslində, gözlənilən idi”. 

O, hibrid avtomobillərlə bağlı güzəştin ləğv olunmasını belə şərh edib: 

“Görünür, dövlət hibrid avtomobillərə bağlı qismən məqsədlərinə çatıb. Bu, insanların daha çox ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini istismar etməsinə hesablanmışdı. 

Bu il ərzində ölkəmizə idxal olunan hibrid avtomobillərin sayı ümumilikdə idxal olan maşınların 40 faizini təşkil edir. Bu səbəbdən də sözügedən güzəştlər ləğv olundu. Ümumiyyətlə, bu güzəşt əbədi deyildi, haçansa başa çatmalı idi. Bəlkə gələcəkdə yenə də belə güzəştlər tətbiq oluna bilər”. 

Ekspert qeyd edib ki, Azərbaycanda elektrikli avtomobillərə maraq böyükdür: 

“Lakin həmin avtomobillər ölkəmizdə populyar deyil. İnsanların bu avtomobillərə marağı var, ancaq enerji doldurma məntəqələrinin sayının az olması  alışda çətinliklər yaradır. Çünki düşünürlər ki, əsasən Bakı və Abşeronda hərəkət etmələri olacaqlar, bölgələrə səfər etdikdə isə enerji doldurma məntəqələri tapmaya bilərlər. 

Ona görə də Azərbaycanda elektromobil alanların sayı həddindən artıq azdır. Həmçinin, ölkəyə idxal olunan elektromobillərin də sayının az olduğu görünür. Ölkədə enerji doldurma məntəqələrinin sayı artdıqca, elektrikli avtomobillər populyarlaşar. Güzəştə rəğmən ölkəyə idxal olunan və ya satılan elektrikli avtomobillərin kəskin formada artacağını zənn etmirəm”. 

Eldəniz Cəfərovun sözlərinə görə, ikinci əl avtomobil bazarında qiymətlər yüksələcək: 

“İdxal olunan hibrid avtomobillərin qiyməti artdığı üçün daxildə satılan maşınlar da bahalaşacaq. Köhnə maşınların qiymətində 10-15 faiz bahalaşma müşahidə oluna bilər. Məsələn, 20 min manata satılan maşın 22-23 minə təklif olunacaq”. 

Elmir Mustafa 

“Cebheinfo.az”

Açar sözlər:

Hibrid avtomobillər Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr