AZ

Regionlarda ali təhsil: reallıqlar və perspektivlər - beynəlxalq elmi konfrans

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda respublikamızın müxtəlif ali təhsil və elmi müəssisələri ilə yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, Pakistan və Özbəkistanı təmsil edən nümayəndələr də iştirak ediblər.

Konfransın açılışında filialın direktoru professor Yusif Alıyev bu beynəlxalq tədbirin ölkələr arasında elmi əməkdaşlığın daha da möhkəmləndiriliməsində rolunu xüsusi vurğulayıb. Direktor konfransın məqsədləri, tərəfdaşlar, əvvəlki konfransların qarşıya qoyduğu vəzifələrin icra vəziyyəti, nəşr olunan elmi məqalələr barədə məlumat verilib. Bildirilib ki, V beynəlxalq elmi konfransa Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 100-dən artıq məqalə daxil olub. Redaksiya heyəti tərəfindən təsdiqlənən məqalələr toplu şəklində nəşr olunacaq.

Türkiyənin Qars Qafqaz Universiteti, Pakistanın Pəncab Universiteti, Özbəkistanın Cizak Dövlət Pedaqoji Universiteti, Fərqanə Regional Pedaqoji Bacarıqlar Mərkəzi, Andican Regional Pedaqoji Bacarıqlar Mərkəzi, Qırğızıstanın Taştan Ermatov adına Bişkek Musiqi-Pedaqoji İnstitutu, UNEC-in Zaqatala filialı, həmçinin Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu konfransın təşkilində rəsmi tərəfdaşlardır.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Qars Qafqaz Universitetinin professoru Hüsnü Kapu, Abay adına Qazax Milli Pedaqoji Universitetin professoru Aygerim Koşerbayeva, Cizak Dövlət Pedaqoji Universitetinin dosenti Marlen Celyalov, Cənubi Qazaxıstan Janibekov adına Pedaqoji Universitetin dosenti Ardaq Alipbek, Termez Dövlət Universitetinin dosenti Obidon Sofiyev və başqaları çıxışlarında ənənəvi olaraq keçirilən beynəlxalq elmi konfransların təkcə elmi deyil, eyni zamanda, xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsində rolunu yüksək dəyərləndiriblər. Çıxışlarda qeyd olunub ki, təhsil sahəsində beynəlxalq əməkdaşlıq ölkələr, xalqlar və dövlətlər arasında münasibətlərin inkişafında və möhkəmlənməsində əsaslı baza yaradır.

Rəsmi hissədən sonra bədii proqram nümayiş etdirilib. Bədii hissənin ardından konfrans işini iki bölmədə davam etdirib.

 

Seçilən
40
2
azertag.az

3Mənbələr