Taksi sürücüləri artıq xeyli müddətdir ki, Dövlət İmtahan Mərkəzindən imtahan verməklə öz fəaliyyətlərini davam etdirilər. Onların imtahan verməsini zəruri edən bir sıra səbəblər var. Amma bir maraqlı məsələ var ki, taksi sürücülərindən fərqli olaraq avtobus sürücüləri imtahana cəlb olunmur. Halbuki avtobus sürücülərinin də yüksək peşə hazırlığına və etik qaydalara sahib olmaları çox vacibdir.
Təsadüfi deyil ki, avtobus sürücüsü ilə sərnişinlər arasında gərginliklərin tez-tez şahidi oluruq. Məhz bu səbəbdən avtobus sürücülərinin də imtahan verməsi məsələsi gündəmə gəlib.
Bəs, avtobus sürücüləri imtahan olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mövqeyini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirilib ki, iri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür:
“İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun təmin edilir. Daşıyıcılarla keçirilən görüşlərdə AYNA tərəfindən onlara müvafiq tövsiyə və tapşırıqlar verilir. Zərurət yarandığı təqdirdə sürücülər daşıyıcı tərəfdən təkrar təlimə cəlb edilir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində də avtobus sürücüləri üçün təlimlər keçirilir.
Təlim zamanı onlara etik davranış qaydaları barədə ətraflı məlumat verilir. Təlim müddətində iştirakçılara sürücü və sərnişin arasında effektiv ünsiyyətin qurulması, peşəkar sürücünün bilik və məsuliyyəti, təhlükəli və çətin vəziyyətlərdən çıxış yollarının tapılması, sürücü-sərnişin münasibətinə təsir edə biləcək daxili və xarici faktorlar, əlilliyi olan şəxslərlə davranış qaydaları aşılanır. Dərslərdə, həmçinin sərnişin tərəfindən qanun və etik davranış qaydalarının pozulması zamanı sürücünün davranışına dair ətraflı məlumat verilir”.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta