Tbilisi, 3 noyabr, AZƏRTAC
Azərbaycanın Batumidəki Baş Konsulluğunda fəaliyyət göstərən Heydər Əliyev Otağı bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlı yeniyetmə və gənclərin vətənpərvər ruhda yetişmələri üçün geniş imkanlar açır. Bu otaqda Ulu Öndər Heydər Əliyevin irsini öyrənmək üçün hər cür şərait mövcuddur. Həmçinin burada Azərbaycan Prezidentinin fəaliyyətinə, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərə və Milli Qəhrəmanlara aid fotolar, eləcə də balaca fidanların çəkdikləri rəsm əsərləri var.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə Heydər Əliyev Otağının nəzdində azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbi də açılıb.
Bu məktəbdə uşaqlara Azərbaycan dili və ədəbityyatı ilə yanaşı, rəsm, toxuculuq və musiqi dərsləri də keçirilir. Baş konsul Fuad Əzizov və Azərbaycanın Gürcüstandakı diasporunun rəhbəri Rövşən Namazov uşaqlara baş çəkir, onların qayğıları ilə maraqlanırlar.
Məktəbin müəllimi Aynurə Quluzadə AZƏRTAC-a müsahibəsində deyib ki, Batumidə belə bir məktəbin açılmasına tələbat var idi. Azərbaycanlı uşaqların öz ana dilimizi, tariximizi, milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi unutmamaları, əksinə öyrənmələri və inkişaf etdirmələri üçün bu məktəbin böyük rolu var. “Bir neçə gündən sonra Zəfər Gününü qeyd edəcəyik. Azərbaycanın bu böyük Zəfərinin qürurunu biz - xaricdə yaşayan azərbaycanlılar daha güclü hiss edirik. Bu, bizə böyük qürur hissi verir. Burada - xarici dövlətdə başqa millətlərin yanında başımız uca, dik gəzə bilirik. Biz istəyirik ki, bütün bu hisslərimizi, sevincimizi uşaqlarımıza da ötürək, onlara aşılayaq. “Bazar günü” məktəbi olaraq, bunu uşaqlarımıza daim göstəririk. Biz bu gün burada Zəfər bayramına hazırlaşırıq. Şagirdlər Baş Konsulluğun təşkil edəcəyi tədbirdə Vətənə aid şeirlər söyləyəcək, milli rəqslərimizi ifa edəcək və şüarlar səsləndirəcəklər”, – deyə Aynurə Quuzadə vurğulayıb
Qeyd edək ki, “Bazar günü” məktəbində təhsil alan uşaqlar, əsasən, Batumidə ingilis, rus və gürcü dillərində fəaliyyət göstərən məktəblərin şagirdləridir. Onlar müxtəlif dillərdə təhsil alsalar da, Azərbaycan dilinə böyük maraq göstərirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi