AZ

Ana Qanun həm də dövlətin suverenliyini təsdiqləyən ali hüquqi sənəddir- ÖZƏL

"Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilib. Ümumiyyətlə, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsip və dəyərlərin bərqərar olmasının, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təminatına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Bu islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin daha da möhkəmlənməsinə, demokratikləşmə proseslərinin dərinləşməsinə təkan oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Ana Qanun həm də dövlətin suverenliyini təsdiqləyən ali hüquqi sənəddir. Konstitusiyamızın Preambulasında da Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib.
Suverenlik dövlətin ərazi bütövlüyünün əsası və təminatı, onun sərhədlərini və onları idarə etmək hüququnu təmin edir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Azərbaycan xalqı bir daha öz taleyinə sahib olduğunu, müstəqil dövlətini yaradaraq inkişaf etdirdiyini dünyaya bəyan etmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
60
olaylar.az

1Mənbələr