AZ

Kommunal xidmət sərfiyyatına qənaət etməyən əhali, yoxsa dövlət büdcəsini səmərəsiz xərcləyən qurumlar?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu yaxınlarda sosial şəbəkələrdə kommunal xərclərin bahalaşmasının günahını xalqda görən adamın videosu gülüş obyektinə tutulub desəm doğru olar. Deyir ki, "Azərbaycanın 10 milyon əhalisi var, İtaliyanın 80 milyon əhalisi. Dövlət statistikaya baxıb görür ki, elektrik enerjisinin istehlakında Azərbaycan İtaliyadan sonra 2-ci yerdədir. Dövlət araşdırır görür ki, vətəndaş evində bütün otaqlardakı işığı yandırır. Bu zaman dövlət nə edir? Gətirdiyi arqument odur ki, dövlət haqlı olaraq bu zaman çıxış yolunu camaat işığın, suyun qədrini bilsin, onu qənaətlə istifadə etsin deyə kommunal xərclərin qiymətini artırır". Sonra prezidentin bir müşavirədə çıxışı ilə bağlı sitatlar gətirib ki, “Azerenerji” nin stansiyalarını dövlət tikir, büdcədən pul alır, “AZAL”-a təyyarəni dövlət alır, “SOCAR” nefti çıxardır, o da büdcədən pul alır. "Ekspert" olduğu deyilən şəxs bildirib ki, bazar iqtisadiyyatında onlar hamısı özünü saxlamalıdır ki, büdcəyə yük az düşsün, onlar hamısı təsərrüfat hesablı müəssisələrdir.

Əhalinin sabit və ya az olduğu halda su, işıq, qazın qiymətinin artırılması ədalətsiz görünür. Kimlərsə otaqlarda çox işıq yandırdı deyə ölkə İtaliyadan sonra elektrik istehlakında ikinci yerdədir? Əgər bu iddia doğrudursa, bəlkə statistika səhvdir. Bizə qənaət etməyi öyrədirlər. İşığı çox yandırdın, qazı çox işlətdin - qiymət qalxacaq. Suyu axıtdın cərimə. Amma küçədə 3 gün partlamış borudan axan suyu heç kim bağlamır. Dövlət qurumları günün günorta çağı binaların hamısını işıqlandırır. İqtisadi itkilərin yarısı elə öz idarələrindən gəlir. Bir nəfər otaqlarda çox işıq yandırdı deyə, ölkə İtaliyadan sonra ikinci yerdə elektrik istehlakında? Əgər bu iddia doğrudursa, bəlkə statistika səhvdir.

Qənaət öyrətmək üçün qiymət artırmaq deyil, mədəniyyət formalaşdırmaq lazımdır. Vətəndaşa “az istifadə et” deyən sistem, öz israfını da hesaba çəkməlidir. Əgər “SOCAR”, “Azərenerji”, “Azərişıq”, “Azərsu” kimi iri təsərrüfat subyektləri milyonlarla gəlir əldə edə-edə hələ də büdcədən maliyyələşirsə, vətəndaşdan qənaət tələb etmək nə dərəcədə ədalətlidir?

Dövlətin vətəndaşdan qənaət gözləməsi doğrudur. Amma dövlət özü qənaət etməyə başlayanda bu, həm də etimad doğurur. Əks halda vətəndaş düşünür: mən “bir lampanı” söndürdüm, bəs sən milyonları niyə israf edirsən?

Burda günah keçisi axtarılmalı deyil. Əgər məqsəd qənaətə nail olmaqdırsa, qiymətləri qaldırmaqla deyil, maarifləndirmə ilə, məsuliyyət hissi aşılamaqla bunu etmək daha effektiv ola bilər. Vətəndaşı cəzalandırmaq yolu ilə deyil, təşviq etməklə, nümunə göstərməklə nəticə əldə etmək mümkündür. Məsələn; insanlar arasında enerji səmərəliliyi barədə maarifləndirici kampaniyalar keçirmək, az istifadə edən abonentlərə güzəştli tariflər tətbiq etmək və ya qənaətçiləri mükafatlandırmaq daha sağlam yanaşmadır.

Dövlət qurumlar bu məsələdə özləri də şəffaf fəaliyyət göstərsə, məsuliyyət hissini bölüşsə, bu da cəmiyyətdə qarşılıqlı etimadı artırar.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr