AZ

“Qarabağ” üçün uğurlu hakim – İlk dəfə Bakıya gəlir

BAKI, 3 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) görüşünü idarə edəcək avstriyalı hakim Sebastian Gishamer Azərbaycan təmsilçiləri üçün yad sima deyil.

Teleqraf xəbər verir ki, 37 yaşlı FIFA referisi daha əvvəl üç dəfə Azərbaycan komandalarının oyunlarında baş hakim olub.

Gishamer 2023-cü il oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən “Hekken” (İsveç) – “Qarabağ” oyununu idarə edib. Həmin qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Görüşdə 2 dəfə sarı vərəqə göstərib ki, onlardan biri Patrik Andradeyə düşüb.

Referi həmçinin, DÇ-2026-nın seçmə mərhələsində baş tutan Ukrayna – Azərbaycan oyununda da ədalət təmsilçisi olub. Oktyabrın 13-də Polşanın Krakov şəhərində keçirilən görüşdə Ayxan Abbasovun komandası 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb.

Həmin matçda 4 sarı vərəqə göstərilib ki, onlardan biri Şahruddin Məhəmməliyevin payına düşüb.

Gishamer səkkiz il əvvəl, Azərbaycan və Çexiya U-21 yığmalarının yoldaşlıq oyununu da idarə edib. Həmin qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr