AZ

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026-cı illər mövsümünə start verilib.

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Liqanın A qrupunda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Bakı Mühəndislik Universitetinin (BMU) komandaları qarşılaşıb. Oyun BMU-nun 6:1 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına (AƏSMA) 6:0, Bakı Dövlət Universitetinin (BDU) komandası Milli Aviasiya Akademiyasının komandasına 3:1 hesabı ilə qalib gəlib.

Liqanın B qrupunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası (AMİU) ilə qarşılaşan Odlar Yurdu Universiteti (OYU) rəqibinə 6 cavabsız qolla məğlub olub. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası Bakı Slavyan Universitetinin (BSU) komandasını 7:1, Bakı Ali Neft Məktəbinin (BANM) komandası Azərbaycan Tibb Universitetinin (ATU) komandasını 4:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

14 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı turnirə 2026-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II və III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
5
azertag.az

6Mənbələr