Türkiyənin fenomen seriallarından olan "Leyla ilə Mecnun"un unudulmaz səhnələrinin lentə alındığı o ikonik ev satışa çıxarılıb.
Sonxeber.az türk mediasına istnadən xəbər verir ki, serialın pərəstişkarları üçün böyük simvolik dəyərə malik olan bu ev üçün istənilən məbləğ isə hamını təəccübləndirib.
2011-ci ildə TRT 1 kanalında yayımlanmağa başlayan "Leyla ilə Mecnun" absürd yumoru, dərin mənalı dialoqları və yaddaqalan personajları ilə Türk televiziya tarixində xüsusi yer qazanmışdı. Mecnunun ailəsi ilə birlikdə yaşadığı o sadə ev isə illər ərzində ekranların ən tanınmış məkanlarından birinə çevrilmişdi.
İstanbulun qədim məhəllələrindən biri olan Kireçburnunda yerləşən, boğaz mənzərəli və geniş bağçalı bu müstəqil ev üçün 125 milyon TL qiymət müəyyən olunub. Bu rəqəm bölgədəki orta daşınmaz əmlak qiymətlərindən qat-qat yüksəkdir.
Evin satışa çıxarılması xəbəri sosial mediada böyük maraq doğurub. Serialın izləyiciləri paylaşım bölmələrində zarafatla "Bir Mecnun olsaydıq da o evdə yaşasaydıq" və "Madem bu qədər dəyərli idi, İskəndər Baba niyə taksi sürürdü?" kimi rəylər yazaraq nostalji dolu reaksiyalar veriblər.
Beləcə, "Leyla ilə Mecnun"un simvoluna çevrilmiş o ev bu dəfə real həyatda yeni sahibini gözləyir.