AZ

ABŞ müdaxilə etməsə, müharibə dayanmayacaq- XƏBƏRDARLIQ

Yaxın Şərqdə güc balansı dəyişsə də, HƏMAS hərəkatı hələ də bölgədə sabitlik üçün əsas maneələrdən biri kimi qalır. Son aylarda təşkilatın silahlardan imtina edə biləcəyi barədə yayılan məlumatlar beynəlxalq arenada müəyyən ümidlər yaratsa da, ekspertlərin böyük əksəriyyəti bu ehtimalı real hesab etmir.

HƏMAS-ın struktur mahiyyəti, ideoloji təməli və regional güclərlə çoxsahəli əlaqələri onun siyasi transformasiyasını faktiki olaraq mümkünsüz edir. Bu baxımdan, atəşkəs və ya sülh prosesi ilə bağlı səslənən bəyanatlar daha çox diplomatik ritorika xarakteri daşıyır. Analitiklərə görə, bölgədə sülhün bərqərar olması üçün yalnız hərbi deyil, həm də ideoloji və maliyyə dayaqlarının dəyişməsi zəruridir.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, HƏMAS beynəlxalq aləmdə rəsmi olaraq bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanındığından, onun silah buraxmaq ehtimalı son dərəcə azdır:

“HƏMAS təşkilat kimi siyasi yolla İsraillə sülhə razı olması üçün kənar təsirlərdən azad olmalıdır. Əslində, bu təşkilat həm sünni, həm də şiə müsəlmançılığının bir nöqtədə birləşərək İslamı gözdən salmaq məqsədilə yaradılmış layihədir. İran, Qətər, Türkiyə, BƏƏ və digər ərəb dövlətlərinin dəstəyi sayəsində bu günə qədər ayaqda qalır. Hətta İsrail belə, müəyyən dövrlərdə HƏMAS-a maliyyə yardımı edib. Məqsəd onu sivil yola gətirmək və silahlı mübarizəni dayandırmaq olub”.

Ekspert qeyd edib ki, HƏMAS-ı dəstəkləyən ölkələrin hər birinin bu prosesdə öz maraqları olsa da, təşkilat rəhbərliyi bu dəstəklərdən şəxsi məqsədləri üçün yararlanıb:

“HƏMAS liderləri bu güclərdən istifadə edərək özlərini zənginləşdiriblər. Xalqı üçün mübarizə aparmaq o demək deyil ki, həmin xalqı qırğına verib, adını müqavimət qoyasan. Nəticədə, dağıdılmış yaşayış məntəqələri, məhv olmuş infrastruktur və gələcəyi qeyri-müəyyən bir xalq qalıb”.

Azər Qasımovun sözlərinə görə, HƏMAS və İsrailin sülh yolu ilə razılığa gəlməsi praktiki baxımdan mümkün deyil: “HƏMAS heç vaxt konstruktiv addım atmayacaq. Hər iki tərəf sadəcə taktiki gedişlər edir. ABŞ məcburi şəkildə Qəzzaya sülhməramlı qüvvələr yeritməsə, müharibə davam edəcək”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
33
editor.az

1Mənbələr