AZ

"Qarabağ" üçün düşərli hakim - Ötən ay yığmamızla yolları kəsişmişdi

"Qarabağ"ın "Çelsi" ilə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyununu idarə edəcək avstriyalı hakim Sebastyan Qişamer azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır.

Fanat.Az-ın məlumatına görə, 37 yaşlı referi sonuncu dəfə ötəm ay təmsilçimizin oyununda iş başında olub. 

O, DÇ-2026-nın seçmə mərhələsində keçirilən Ukrayna - Azərbaycan oyununda (1:2) ədaləti qoruyub. Matç oktyabrın 13-də Polşanın “Krakoviya” stadionunda baş tutub.

O, 2017-ci ildən beynəlxalq matçlarda görünməyə başlayıb. İndiyə qədər UEFA və FİFA-nın bayrağı altında keçirilən 56 qarşılaşmada fit çalan Qişamerin yolu bizimkilərlə üç dəfə kəsişib. Beynəlxalq dərəcəli hakim kimi debütü Azərbaycanla Çexiyanın 21 yaşa qədər futbolçuları arasındakı yoldaşlıq görüşünə təsadüf edib. 2017-ci ilin iyunun 5-də Avstriyada keçirilən dueldə çexlər bizimkiləri 5 dəfə mərkəzə dəvət edib (5:0). 

Sebastyanın “Qarabağ”la da yolu kəsişib.  2023-cü ilin oktyabrın 5-də İsveçdə “Haken”lə “Qarabağ” arasında keçirilən oyunu məhz bu hakim idarə edib. UEFA Avropa Liqasının qrup mərhələsində reallaşan qarşılaşma Olavio Juninyonun vurduğu yeganə qol sayəsində “köhlən atlar”ın xeyrinə başa çatıb. Həmin gün meydana çıxanlardan Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov, Abbas Hüseynov və Nəriman Axundzadə hazırda da "Qarabağ"ın heyətindədir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçında Sebastyan Qişamerə həmyerliləri Roland Ridel, Santino Şrayner və Manuel Şüttenqruber yardım edəcəklər. 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.

Mirağa

Seçilən
22
1
fanat.az

2Mənbələr