BAKI, 3 noyabr. TELEQRAF
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Rusiyadan Avropa İttifaqına (Aİ) polad idxalına tam qadağa qoyulmasını tələb edib.
Teleqraf xəbər verir ki, o, bu barədə DPA xəbər agentliyinə müsahibəsində bildirib.
“Rusiyada istehsal olunan və Aİ-də emal edilən polad plitələr sanksiyalardan azad olaraq qalır. Rusiyadan bütün polad idxalı dərhal və tamamilə dayandırılmalıdır”, - vitse-kansler deyib.
Həmçinin, Klinqbeyl Aİ-nin polad sənayesinin inkişafına daha çox Avropa sərmayəsi yatırmağa çağırıb.
Qeyd edək ki, bu həftə Kansler Fridrix Merts siyasətçilər, böyük şirkətlərin rəhbərləri və sənaye qurumlarının nümayəndələrinin iştirak edəcəyi polad sammiti keçirəcək.
Almaniyanın polad sənayesi ABŞ-nin idxal rüsumları səbəbindən çətin günlər yaşayır.