AZ

Bu kiçik ölkə Pekin, Vaşinqton və Tokionu qarşı-qarşıya gətirdi - Asiyada böyük savaş təhlükəsi

"Pekin istənilən dövlətin Tayvanla əlaqələrinə mənfi yanaşır və bunun "vahid Çin" prinsipinə zidd olduğunu bildirir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg

Politoloq qeyd edib ki, Pekinin əsas iradı Amerika Birləşmiş Ştatlarınadır:

"Çünki məhz bu dövlət Tayvanla sıx əlaqələrə malikdir, adaya hərbi texnika satır və bölgədə hərbi gəmilər saxlayır. Vaşinqtonu isə Pekinin Tayvanı ələ keçirmək üçün yaxın gələcəkdə hərbi əməliyyata başlaya biləcəyi ehtimalı narahat edir. Çünki adaya hərbi müdaxilə olarsa, ABŞ seyrçi qalmayacaq və bu, bölgədə gərginliyi artıracaq.

Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp rəsmi Pekinin Tayvana qarşı heç bir tədbir görmək niyyətində olmadığı qənaətindədir. ABŞ lideri "CBS News" televiziya kanalına müsahibəsində bunu belə izah edib ki, Çin adaya müdaxilə edərsə, ABŞ-ın bunu cavabsız qoymayacağını anlayır.

Donald Tramp Çin lideri Si Cinpinlə bir neçə gün əvvəl Cənubi Koreyada keçirdiyi görüşdə Tayvan mövzusunun müzakirə olunmadığını vurğulayıb. Trampın sözlərinə görə, Si Cinpin onunla görüşlərdə heç zaman Tayvan məsələsini gündəmə gətirmir. Halbuki, Pekin ABŞ-ın Tayvanla hərbi əməkdaşlığı dayandırmasını istəyir. Si Cinpinin Donald Trampın qarşısında bu məsələni qaldırmaması Ağ Ev sahibindən müsbət cavab almayacağıyla əlaqəlidir".

Elxan Şahinoğlunun fikrincə, Vaşinqton Pekinin istəyinə uyğun olaraq Tayvanla əlaqələrdən imtina etməyəcək:

"Bu arada, Yaponiyanın yeni baş naziri Sanae Takaiti Tayvanın keçmiş İcraçı Yuan (ölkənin ən yüksək icra orqanı) sədrinin müavini Lin Sinyiyə bu ölkə ilə əməkdaşlığı dərinləşdirməyə ümid etdiyini söyləyib.

Takaiti "X" sosial şəbəkə hesabında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Lin Siniyi ilə görüşünün fotosunu yayımlayıb və belə şərh yazıb: "Ümid edirəm ki, Yaponiya ilə Tayvan arasında praktiki əməkdaşlıq dərinləşəcək".

Maraqlıdır ki, bundan bir gün əvvəl Yaponiyanın yeni baş naziri APEC sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb. Yaponiyanın baş nazirinin Tayvan haqqında söylədikləri Çin Xarici İşlər Nazirliyinin Tokionun ünvanına etiraz bəyanatı yaymağa məcbur edib. Pekin Takaitinin bu addımının "Vahid Çin" prinsipini ciddi şəkildə pozduğunu qeyd edib və onun daxili işlərinə qarışmamağa çağırıb.

Beləliklə, Yaponiyanın yeni baş naziri fəaliyyətə başladığı ilk gündən Çinlə münasibətlərdə gərginlik yaşamağa başlayıb".

Xalidə Gəray
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr