"Biz əslində elə bir coğrafiyada yaşayırıq ki, qonşu dövlətlərin dilini bilmək vacib məsələdir. Çünki qonşularımızın bizə münasibəti müxtəlif zamanlarda dəyişir. Elə son beş ildə baş verən hadisələr buna bariz nümunədir".
Bu fikirləri Redaktor.az-a Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov 2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kurslarının könüllü tətbiq olunacağından danışarkən bildirdi.
"Eyni zamanda qonşu ölkələrlə müxtəlif sferalarda münasibətlərimiz var: mədəni, siyasi, iqtisadi və s. Bizim orta məktəblərdə də qonşu ölkələrin dilini öyrənmək vacibdir. Düzdür, ali məktəblərimizdə bizə qonşu dövlətlərin dilini öyrənmək üçün həm fakültələr, həm də müxtəlif dərnəklər var, amma düşünürəm ki, bu dilləri öyrənmək orta məktəbdən başlasa, daha effektiv olar", - deyə o, fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI