AZ

Elşad Məmmədov: “Şəhid ailələrinə dəstək təkcə maddi deyil, həm də mənəvi və psixoloji istiqamətdə göstərilir”

Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı və Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə “Bir zaman, min yaddaş” adlı tamaşa təqdim olunub.

Tədbir barədə İqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, bu kimi layihələr dövlətin şəhid ailələrinə olan dəstəyinin çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirir:

“Dövlət Sosial Müdafiə Fondunun təşkil etdiyi bu tamaşa göstərdi ki, şəhid ailələrinə yardım yalnız maddi deyil, həm də mənəvi və psixoloji dəstək istiqamətində həyata keçirilir. Bu, cəmiyyətin sosial və psixoloji mühitinin sağlam inkişafına mühüm töhfə verir. Bu cür tədbirlər şəhid övladlarının cəmiyyətə inteqrasiyasına və milli kimliyə bağlılığın güclənməsinə böyük stimul yaradır. Belə layihələrin davam etdirilməsi olduqca vacibdir. Onlar gənc nəsildə vətənpərvərlik ruhunun və tarixi yaddaşın qorunmasına mühüm təsir göstərir.”

Qeyd edək ki, tamaşa müasir dövr uşaqlarının keçmişə — Azərbaycanın dahi şəxsiyyətləri ilə görüşə səyahətindən bəhs edir. Müəllimlərinin hazırladığı “zaman maşını” vasitəsilə onlar tariximizdə silinməz iz qoymuş mütəfəkkir və görkəmli insanlarla tanış olur, milli-mənəvi dəyərləri dərk edirlər.

 

Pərvanə Fərhadqızı

Seçilən
15
qht.az

1Mənbələr