AZ

Azərbaycan Ermənistanla birgə minatəmizlə işləri həyata keçirə bilər

Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən bərpa-quruculuq, yenidənqurma işlərinə ciddi şəkildə mane olan əsas problem həmin ərazilərə basdırılan minalardır. Ermənistan tərəfindən mina xəritələri ilk dəfə 2021-ci ildə Azərbaycana təqdim edilib. Lakin həmin vaxt Azərbaycan rəsmiləri bu xəritələrin yararlılığının 25%-dən çox olmadığını bildirib.

Bu il 8 avqust tarixli Vaşinqton toplantısında hər iki ölkə sülh sazişinin mətni paraflayıb.

Paraflanmış sülh mətnində əsas məsələlərdən biri də qarşılıqlı etimad quruculuğu ilə bağlıdır.

Bu səbəbdən mina xəritələri ilə bağlı yeni addımların atılması məsələsi gündəmə gəlir. Xüsusilə də nəzərə almaq lazımdır ki, Vətən Müharibəsindən sonra antiterror əməliyyatlarına qədər ermənilər tərəfindən növbəti dəfə minalama işləri aparılıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Modern.az-a bildirib ki, Ermənistan tərəfi 960 kvadrat metr ərazi ilə bağlı mina xəritələri verməlidir:

“Ermənistan tərəfi əllərində olan bütün xəritələri verdiyini deyir. Amma 44 günlük müharibədən sonra antiterror əməliyyatlarına qədər onlar haradasa 480 kilometr uzunluğunda, 2 kilometr dərinlikdə minalama işlər aparmışdılar. 960 kvadrat kilometr ərazini əhatə edən mina xəritələri Azərbaycana təhvil verilməlidir. Vətən Müharibəsinə qədər olan xəritələri 3-4 dəfəyə verdilər. Bu xəritələr Araz çayından başlayan və "Ohanyan xətti"nə qədər olan ərazini əhatə edirdi və 400 minə yaxın mina ilə bağlı məlumat vardı. Bu minalardan 97 mini Ağdamda, 92 min Füzulidə, qalanı isə digər ərazilərdəydi. Sonra da Murov dağının ətəklərinə aid 8 formulyar verdilər. Amma 44 günlük müharibədən sonra yaratdıqları yeni cəbhə xəttinə aid heç bir sənəd Azərbaycana verilməyib”.

H.Səfixanov bu xəritələrin verilməsinin həm qarşılıqlı etimadı gücləndirəcəyini, həm də Azərbaycan hökumətinin işini asanlaşdıracağını qeyd edib:

“Çünki biz "Ohanyan xətti"ni keçəndən sonra nəyin harada olduğunu bilmirik. Bu, orada hər yer minalanıb anlamına gəlmir. Amma harada nə var - onu da bilmirik. İşimizi çətinləşdirən budur. Xəritələr verilsə, yaxşı olar. Etimad mühitinin yaranmasına kömək edər. Əgər hər iki ölkənin siyasi rəhbərliyi məqbul sayarsa, birgə minatəmizləmə də həyata keçirmək olar. Ermənistanda da minatəmizləmə təşkilatı var. Elə ərazilər var ki, orada birgə minatəmizləmə həyata keçirmək mümkündür. Qazax rayonun ərazisindəki kəndlərdə, Zəngəzur dəhliznin keçdiyi ərazilərdə birgə əməliyyatlar aparmaq olar. Bunlar hamısı etimad, sülh mühitinin yaradılmasına xidmət edə bilər”.

İctimai Birliyinin sədri Azərbaycanın mina xəritələri ilə bağlı Ermənistana rəsmi müraciət edib-etdmədiyindən xəbərsiz olduğunu söyləyib:

“Bəlkə də kluarlarda bu söhbətlər, müzakirələr var. Amma hələ ki rəsmi səviyyədə ictimaiyyətə deyilməyib. Biz təşkilat olaraq, iştirak etdiyimiz beynəlxalq tədbirlərdə bu məsələni üçüncü tərəflərin vasitəsilə qaldırırıq. Məsələni də belə qoyuruq ki,  Ermənistandakı ictimai-siyasi mühit bunu birbaşa etməyə imkan vermirsə, o xəritələri sizə təqdim etsinlər, siz Azərbaycana verin. Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşayan erməniəsilli sakinlərdən minaya düşənlər varsa, onunla bağlı da məlumat verə bilərlər ki, bu bizim üçün çox vacib ola bilər. Çöl və ev heyvanlarının harada minalara düşməsi ilə bağlı məlumatlar da bizim üçün haradasa, müəyyən ipucları olar. Təşkilat rəhbəri olaraq, məsələlərlə bağlı müraciət etmişəm. Təəssüf ki, hələ ki bir nəticə yoxdur”.

Seçilən
0
1
modern.az

2Mənbələr