AZ

Sərnişinlər narazıdır: Dayanacaqlarda “BakıKart” yükləmə aparatları yoxdur

BAKI, 3 noyabr. TELEQRAF

Bakıda bir çox avtobus dayanacaqlarında “BakıKart” yükləmə aparatlarının quraşdırılmaması sərnişinlər üçün çətinlik yaradır.

Şəhər sakinləri Teleqraf-a şikayət edərək bildiriblər ki, əksər dayanacaqlarda ödəmə aparatları yoxdur. Nəticədə sərnişinlər ya hansısa metrostansiyaya, ya da ticarət obyektlərinə üz tutmağa məcbur olurlar.

Məsələ ilə bağlı “BakıKart”ın müştəri xidmətləri üzrə mütəxəssisi Mehriban Əhmədova Teleqraf-a bildirdi ki, Bakı şəhərində ictimai nəqliyyatda ödənişlərin rahat və əlçatan şəkildə həyata keçirilməsi “K Group” MMC-nin əsas prioritetlərindən biridir:

“Hazırda şirkətimiz xidmətlərin inkişafı və rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Paytaxt üzrə ümumilikdə 180 ədəd ödəniş terminalı quraşdırılıb. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə kart balansının artırılması yalnız “BakıKart” terminalları vasitəsilə deyil, həm də “MilliÖn” terminalları üzərindən mümkündür. Bundan əlavə, sərnişinlər BakıKart, Birbank və M10 mobil tətbiqləri vasitəsilə balanslarını artırmaqla yanaşı, Birbank və M10 platformalarında BakıKart-a məxsus QR ödənişləri ilə nəqliyyat ödənişlərini həyata keçirə bilirlər".

Aparatların bəzi dayanacaqlardan yığışdırılması barədə Mehriban Əhmədova deyib ki, bəzi dayanacaqlarda “BakıKart” terminallarının müvəqqəti yığışdırılması texniki xidmət və infrastruktur yenilənməsi işləri ilə bağlıdır:

"Belə hallarda aparatların yerində dəyişiklik aparılması və ya yenidən quraşdırılması elektrik təminatı, rabitə bağlantısı və vandalizm riski kimi texniki və təhlükəsizlik amilləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunan məsələ şirkətimiz üçün mühüm prioritet istiqamətlərdən biridir.

Hazırda bu istiqamətdə mərhələli şəkildə işlər davam etdirilir və BakıKart balansının artırılması imkanlarının genişləndirilməsi, o cümlədən müxtəlif ödəniş xidməti şəbəkələri ilə inteqrasiya istiqamətində davamlı addımlar atılır.

Məqsəd sərnişinlərin ödəniş imkanlarını mümkün qədər rahat, təhlükəsiz və çoxkanallı şəkildə təmin etməkdir".

Seçilən
17
teleqraf.com

1Mənbələr