AZ

Bu şəxslər icbari tibbi sığortanı ödəməkdən azaddır SİYAHI

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda əhalinin sağlamlıq imkanlarının qorunması məqsədilə tətbiq edilən icbari tibbi sığorta sistemi vətəndaşların keyfiyyətli tibbi xidmətlərə bərabər çıxışını təmin etməyə yönəlib.

BAKU.WS-in məlumatına görə, sistem çərçivəsində həm işəgötürənlər, həm də işçilər aylıq sığorta haqları ödəyir, lakin qanunvericiliyə əsasən, bəzi şəxslər bu ödənişdən azaddır.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, digər hərbi qulluqçular, muzdla işləyən fiziki şəxslər, seçkili vəzifə tutan şəxslər, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunan vəzifəli şəxslər, həmçinin vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslər və mülki-hüquqi müqavilə əsasında işləyənlər icbari tibbi sığorta haqqı ödəyirlər.

Bununla belə, digər şəxslər - yəni bu kateqoriyaya daxil olmayanlar – sığorta haqqı ödəməkdən azaddır. Onların tibbi sığorta haqları dövlət büdcəsi hesabına qarşılanır.

Mövcud qaydalara əsasən, dövlət və neft sektoru, həmçinin qeyri-dövlət və qeyri-neft sektorunda fəaliyyət göstərən işəgötürənlər və işçilər üçün aylıq icbari tibbi sığorta haqqı əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı hissəsindən isə 0,5% nisbətində hesablanır.

Qanun həmçinin xarici vətəndaşların gəlirləri ilə bağlı xüsusi yanaşma müəyyənləşdirir. Əgər əcnəbilər Azərbaycan mənbəyindən rəsmi gəlir əldə edirlərsə, onlardan da icbari tibbi sığorta haqqı tutulur. Əks halda, gəlir xaricdə formalaşırsa, bu ödənişdən azad olunurlar.

Beləliklə, icbari tibbi sığorta həm yerli, həm də ölkə daxilində gəlir əldə edən əcnəbiləri əhatə edir və sosial müdafiə sisteminin vacib tərkib hissəsi hesab olunur.

Qeyd edək ki, "Tibbi sığorta haqqında" qanuna təklif olunan son dəyişikliyə əsasən, "Məşğulluq haqqında" qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər.

Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
baku.ws

2Mənbələr