AZ

Rumıniya prezidenti: ABŞ qoşunlarının çıxarılması ölkənin təhlükəsizliyinə təsir etməyəcək

Rumıniya prezidenti Nikuzor Dan bildirib ki, ABŞ qoşunlarının ölkədən çıxarılması prosesi Rumıniyanın təhlükəsizliyinə mənfi təsir göstərməyəcək və tərəflər arasında yeni razılaşmalar üzərində iş davam edir.

Editor.az xəbər verir ki, dövlət başçısı bu barədə Rumıniya Radiosuna müsahibəsində danışıb.

Prezidentin sözlərinə görə, ABŞ-ın bir hissə hərbi kontingentini Rumıniyadan çıxarmaq qərarı simvolik xarakter daşıyır, lakin bu addım ölkənin təhlükəsizlik sisteminə real təsir göstərmir.

“Bu qərar müəyyən simvolizm daşıyır, lakin heç bir halda Rumıniyanın təhlükəsizliyini zəiflətmir. Ən vacib məsələ ABŞ-la münasibətlərdə iqtisadi əməkdaşlığın dərinləşməsi və Amerika şirkətlərinin Rumıniyada daha geniş iştirakı olacaq”, – deyə Nikuzor Dan vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Rumıniya ilə ABŞ arasında strateji tərəfdaşlıq sabit və uzunmüddətli xarakter daşıyır. Hazırda tərəflər çıxarılan qoşunların əvəzlənməsi və müdafiə sahəsində yeni koordinasiya mexanizmləri barədə danışıqları davam etdirirlər.

Qeyd edək ki, Rumıniya və onun NATO müttəfiqləri ABŞ-ın Avropadakı hərbçilərinin sayının azaldılması barədə öncədən məlumatlandırılıblar. ABŞ administrasiyası bu addımı “Silahlı Qüvvələrin qlobal yerləşmə strategiyasının yenidən nəzərdən keçirilməsi” çərçivəsində atdığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr