AZ

Xaricdən gətirilən ƏT TƏHLÜKƏLİDİR? - Mütəxəssisdən AÇIQLAMA

“Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasında göstərilir ki, ötən il də, bu il də idxal olunan əksər ətlər nəinki Monqolustandan, hətta Hindistandan, Braziliyadan və bir çox ölkələrdən Azərbaycana gətirilir. Yəni konkret olaraq təkcə Monqolustandan deyil, ümumiyyətlə, ölkəyə xaricdən gətirilən bütün ətlər laborator analizdən keçir. Qida təhlükəsizliyi qaydalarına uyğundursa, sağlamlıq üçün hər hansı risk yoxdursa, ətin mənşə ölkəsi, keyfiyyət sertifikatı və istifadəyə yararlı olub-olmadığı barədə məlumatlar göstərilməlidir. Məhsul uyğunsuzdursa, satışa buraxılmır. Satış məntəqəsində alıcı bu məlumatları satıcından istədikdə təqdim etmirlərsə, bu zaman həmin məhsul təhlükəli və riskli məhsuldur. Alıcılar belə əti almaqdan imtina etsinlər. Yəni məsələyə təkcə Monqolustan üzərindən yanaşmaq düzgün deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

 

O bildirib ki, ət zülal mənşəli, o cümlədən heyvan mənşəli qida olduğuna görə yüksək risk qrupuna aiddir: “Buna görə də ət alarkən bəzi məqamlara mütləq diqqət olunmalıdır. Yaxşı olar ki, əti etibarlı, mənşəyi bəlli olan yerdən alaq. Baytarlıq arayışı istehlakçı üçün əlçatan, ətin kəsilmə, saxlanılma şəraiti düzgün olmalıdır. Ət 2 dərəcədən 4 dərəcəyə qədər temperaturda saxlanılmalıdır. Otaq temperaturunda və ya açıq havada saxlanılırsa, bu, ətin xarab olmasına və tərkibinin dəyişməsinə gətirib çıxarır. Keyfiyyətli, təzə ət görünüşü ilə də seçilir. İyi, teksturası, görünüşü ətin təzə olmasını göstərir. Quş əti çəhrayı, açıq rəngdə, mal və quzu əti isə qırmızıya çalan parlaq rəngdə, elastik və bərk olmalıdır. Əllə toxunduqda hər hansı çuxur yaranırsa, tezliklə özünü bərpa etməlidir. Ətdən xoşagəlməz qoxu gəlirsə, rəngi solğundursa, quruyubsa, üzərində çökəklər yaranıbsa, ləkələr varsa, bu, ətin xarab olduğunun göstəricisidir. Heyvan mənşəli qidalardan insan orqanizminə bir çox virus və bakteriyalar keçə bilər. Buna görə də əti alarkən mənşəyinə diqqət etməklə yanaşı, onu hazırlayarkən bişmiş məhsulla təmas etməməsinə diqqət etməliyik. Əti doğrayan lövhə və bıçaq ayrı olmalıdır. Bişirilərkən ətin daxili temperaturu 70 dərəcənin üzərində olmalıdır. Bu da tərkibində hər hansı virus və bakteriya varsa, onun məhv olmasına gətirib çıxaracaq. Diqqət edəcəyimiz ən önəmli məqamlardan biri budur ki, əti hazır şəkildə marketlərdən alırıqsa, üzərində mütləq kəsim tarixi, istifadə müddəti göstərilməlidir. Xarici ölkədən gətirilibsə, mənşə olan ölkə, keyfiyyət sertifikatı qeyd olunmalıdır. Əks halda bu məhsullar riskli məhsullar sırasındadır və bunu almaqdan imtina etməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Noyabr 2025, 10:25   
Seçilən
24
3
pravda.az

4Mənbələr