
Mövcud qanunvericiliyə əsasən hər hansı bir əmlak kirayəyə verilirsə, mütləq şəkildə həmin əmlakın müqaviləsi notarial qaydada bağlanmalıdır. Bu hər iki tərəfin hüquqlarının qorunması və öhdəliklərə əməl etməsi istiqamətində vacib məqamlardandır. Lakin, mənzil sahibləri bu və ya digər səbəblərdən bu istiqamətdə rəsmi qaydalara üz tutmurlar.Bu barədə əmlak məslələri üzrə ekspert Elnur Fərzəliyev Missiya.Az-a danışıb.
"Notarial qaydada bağlanılan kirayə müqaviləsində kirayə verən və kirayə götürənin bütün tələbləri qeyd olunur. Bu müsbət haldır. Tərəflərdən hər hansı biri öhdəliyi pozarsa, bu öhdəliklə bağlı məsuliyyət daşıyır. Kirayə müqaviləsi notarial qaydada bağlanıldıqda kirayə müddəti bitməyənə qədər həmin mənzilin qiymətini artıra bilməz və ya hər hansı xoşagəlməz hal olmazsa, həmin şəxsi mənzildən çıxartmaq olmaz".
Ekspertin sözlərinə görə, mənzillər kirayəyə verilərkən onların müqaviləsi notarial qaydada bağlanıldığı kimi həmin mənzillərdən əldə olunan gəlirlər vergiyə cəlb olunur. Yəni kirayə verən şəxs əmlakı kirayə verirsə, əldə etdiyi gəlirdən dövlətə vergi ödəməlidir. Əksər hallarda mənzil sahibləri vergi ödəməmək üçün kirayə müqavilələrini notarial qaydada deyil, öz aralarında razılaşdırılmış formada hazırlayırlar və yaxud hansısa bir alqı-satqı ofisində bağlayırlar.
"Mənzillərin kirayə müqaviləsi notarial qaydada bağlanıldıqda avtomatik kirayə verən şəxs vergiyə cəlb olunur ki, bu halda əksər mənzil sahibləri vergini mənzildə yaşayanlardan tələb edirlər. Yaxud mənzil qiymətini artırırlar. Təbii ki, bu yanlış addımdır və süni qiymət artımına gətirib çıxarır. Dİgər halda isə, rəsmi qaydada müqavilə bağlanıldıqda minimal rəqəmlər qeyd olunur ki, dövlətə daha az vergi versinlər. Kirayə müqavilələri ilə bağlı mütləq tələb qoyularsa, bu mənzillərin kirayə qiymətlərinin artmasına gətirib çıxaracaq. Müvafiq qiymətlərin tənimlənməsi üçün kirayə evlərə qoyulan faiz dərəcəsi aşağı endirilməlidir ki, insanları notarial qaydada bu addımı atmağa sövq edə bilək".
İlahə Qənbərli
Missiya.Az