AZ

Almaniya Rusiyaya görə “dişlərinə qədər silahlanır” - Soyuq müharibədən bəri ən iri hərbi modernizasiya

Berlin 377 milyard avroluq müdafiə proqramı ilə Avropanın ən güclü ordusunu qurmaq niyyətindədir…

Poliqon xəbər verir ki, The Telegraph nəşrinin məlumatına görə, Almaniya onilliklər boyu davam edən hərbi passivliyini geridə qoyaraq, Soyuq müharibədən bəri ən böyük silahlanma mərhələsinə qədəm qoyub. Məqsəd – Rusiyadan gələn təhdidlər fonunda NATO-nun müdafiəsini gücləndirmək və Avropada aparıcı hərbi gücə çevrilməkdir.

Nəşr yazır ki, əvvəlki illərdə Bundesver (Almaniya Silahlı Qüvvələri) texnika çatışmazlığı və maliyyə məhdudiyyətləri ilə üzləşsə də, kansler Fridrix Mertsin rəhbərliyi ilə vəziyyət köklü şəkildə dəyişib. 2025-ci ildə Berlin bütün müdafiə xərclərinə qoyulan limitləri aradan qaldırıb və ordunun modernləşdirilməsinə 377 milyard avro sərmayə yatırmaq planını təsdiqləyib. Yalnız 2024-cü ildə müdafiə məqsədilə 50 milyard avrodan çox vəsait xərclənib və bu, Avropanın ən böyük ordusunun təməlini qoyub.

Proqram çərçivəsində yüzlərlə Leopard 2 tankı, Boxer zirehli texnikası, Skyranger zenit sistemləri, Typhoon və F-35 qırıcıları, həmçinin sualtı qayıqlar və Patriot raket kompleksləri alınır. Eyni zamanda, Bundesverin şəxsi heyətinin 185 min nəfərdən 260 min nəfərə qədər artırılması və hərbi xidmətin bərpası da gündəmdədir.

The Telegraph qeyd edir ki, bu “tarixi dönüş” həm Rusiyanın artan təhdidləri, həm də ABŞ-ın Avropanın təhlükəsizliyində etibarlı zəmanətçi kimi rolunun azalması ilə bağlıdır. Merts hökumətinin siyasəti Almaniyanın müdafiə müstəqilliyini təmin etməyə, yerli silah istehsalını gücləndirməyə və Avropa təchizat zəncirlərini inkişaf etdirməyə yönəlib.

Ekspertlərin fikrincə, indiki silahlanma prosesi 1930-cu illərin militarizmini təkrarlamır. Əksinə, bu dəfə 60 faizdən çox alman cəmiyyəti hökumətin hərbi gücün möhkəmləndirilməsini dəstəkləyir. Proqram Avropanın müdafiəsini qorumaq və NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edə bilən müasir ordu formalaşdırmaq məqsədi daşıyır.

Proqnozlara görə, 2029-cu ilə qədər Almaniyanın müdafiə xərcləri 162 milyard avroya çatacaq ki, bu da ÜDM-in 3,5 faizinə bərabər olacaq və Bundesveri Avropanın ən iri hərbi qüvvəsinə çevirəcək.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr