
ABŞ Prezidenti Donald Tramp Venesuelaya zərbə endirmək planları ilə bağlı sualı cavablandırmayıb.
AFN.az xəbər verir ki, "CBS News"a müsahibəsində o, ABŞ-ın bu ölkə ilə müharibəyə doğru getməsi haqda sualı da dəqiq cavablandırmayıb.
Jurnalist Trampdan ABŞ-ın təyyarədaşıyan gəmisi "Gerald Ford"un Karib dənizinə göndərilməsindən sonra Venesuela ilə müharibəyə doğru gedib-getmədiyini soruşub. Prezident buna “şübhə etdiyini”, müharibə olacağını “düşünmədiyini” bildirib. Lakin müxbir Venesuela ərazisinə mümkün zərbələr barədə xəbərlərin doğruluğu barədə soruşduqda, Tramp sualdan yayınıb: “Bunu sizə deməyəcəyəm. Bunun doğru olub-olmadığını demirəm. Zərbə endirib-endirməyəcəyimizi KİV-lə müzakirə etmirəm.”
Vaşinqton Karakası narkotik qaçaqmalçılığı ilə mübarizədə proaktiv olmamaqda ittiham edir. Bu bəhanə ilə ABŞ Karib dənizi bölgəsinə böyük qüvvələr yerləşdirib. "The Miami Herald" qəzetinin məlumatına görə, ABŞ administrasiyası Venesueladakı hərbi obyektlərə hücum etmək qərarına gəlib. Nəşrin məlumatına əsasən, zərbələr yaxın günlərdə həyata keçirilə bilər.