AZ

Əfqanıstanda baş verən zəlzələdə 7 nəfər həlak olub, 150 nəfər xəsarət alıb

Əfqanıstanda noyabrın 2-də baş vermiş güclü zəlzələ nəticəsində azı 7 nəfərin həyatını itirdiyi, 150-dən çox insanın isə yaralandığı bildirilib. AzPost Reuters-ə istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli hakimiyyət orqanları açıqlayıb.

Rəsmilərin verdiyi məlumata görə, zəlzələ bazar günü axşam saatlarında qeydə alınıb və onun maqnitudası 6,3 bal təşkil edib. Təbii fəlakətin episentri ölkənin mərkəzində, Məzari-Şərif şəhərindən təxminən 45 kilometr məsafədə yerləşib.

Hadisə nəticəsində bir çox yaşayış evləri və ictimai binalar dağılıb, bəzi bölgələrdə yollar bağlanıb. Xilasetmə qrupları dağıntılar altında qalan insanları tapmaq üçün axtarış işlərini davam etdirirlər.

Əfqanıstanın Təbii Fəlakətlərə Qarşı Mübarizə İdarəsi açıqlamasında bildirib ki, hazırda vəziyyət nəzarət altına alınmağa çalışılır, lakin zəlzələnin təsir dairəsi geniş olduğundan itkilərin artma ehtimalı qalır.

Bölgəyə təcili tibbi yardım briqadaları, xilasedicilər və humanitar təşkilatlar cəlb olunub. Yaralıların bir qismi yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, ağır vəziyyətdə olanlar isə paytaxta təxliyə edilir.

AzPost.az

Seçilən
43
azpost.info

1Mənbələr