AZ

Belqradda parlament qarşısında iğtişaşlar: 37 nəfər saxlanılıb

Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıları hakimiyyət tərəfdarlarına hücumda ittiham edib...

Poliqon xəbər verir ki, Serbiya polisi Belqrad şəhərində parlament binası qarşısında baş verən iğtişaşlarla bağlı 37 nəfəri saxlayıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları hadisəyə qarışan bütün şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Məlumata görə, insident bazar günü axşam saatlarında baş verib. Hökumət tərəfdarlarının “Çatsilend” adlanan düşərgəsinin yaxınlığında iki qrup — Novi-Sadda dəmir yolu vağzalının çökməsi nəticəsində həlak olan şəxsin anasının aclıq aksiyasına dəstək verən etirazçılar və hakimiyyət tərəfdarları — toplaşıb. Polis və jandarm bölmələri onların qarşıdurmaya girməməsi üçün aralarına sədd çəkiblər.

Serbiya prezidenti Aleksandr Vuçiç hadisələrə münasibət bildirərək etirazçıları hakimiyyət tərəfdarlarının çadırlarına pirotexnika atmaqda və ölkənin yeddi şəhərində İrəliyə Doğru Serbiya Partiyasının (SNS) ofislərinə hücum təşkil etməkdə ittiham edib. DİN-in məlumatına əsasən, baş verənlər nəticəsində bir polis əməkdaşı xəsarət alıb.

Hadisə Serbiyada son aylarda sosial və siyasi gərginliyin artdığı bir vaxtda baş verir. Müxalifət hökuməti korrupsiya və repressiyalarda ittiham edərkən, iqtidar isə etirazları “xarici təsirli təxribat cəhdləri” kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr