AZ

Dünya əriyir: Alp və Qafqaz dağları üçün qorxulu xəbərdarlıq

Dünyanın ən böyük buz kütlələrindən olan Antarktida hər il orta hesabla 135 milyard ton, Qrenlandiya isə təxminən 266 milyard ton buz itirir. Alimlər hesab edirlər ki, 2100-cü ilə qədər Avropa Alp dağlarında və Qafqaz dağlarında yerləşən buzlaqlar tamamilə yox olacaq.

Sherg.az xəbər verir ki, alimlər qlobal istiləşmənin təsirlərinin getdikcə daha da dərinləşdiyi barədə xəbərdarlıq edirlər.

Qlobal istiləşmə nəticəsində buzlaqların sahəsi və həcmi azalır. Təxminlərə görə, 2100-cü ilə qədər Avropa Alp dağları və Qafqaz dağlarındakı buzlaqlar tamamilə əriyib yox olacaq.

ABŞ Milli Aviasiya və Kosmos Agentliyinin (NASA) məlumatına əsasən, qlobal istiləşmə nəticəsində həm dənizlərin, həm də atmosferin temperaturu artır. Bu artım səbəbindən böyük həcmdə şirin suyu özündə saxlayan buzlaqlar sürətlə əriyir.

Dünyanın ən böyük buz kütlələri sayılan Antarktida hər il orta hesabla 135 milyard ton, Qrenlandiya isə 266 milyard ton buz itirir.

Zürix Federal Texnologiya İnstitutunun İnşaat, Ətraf Mühit və Xəritə mühəndisliyi fakültəsinin müəllimi Dr. Mattias Huss, buzlaqların əriməsində kritik hədləri və qlobal istiləşmənin bu prosesə təsirini qiymətləndirib.

O bildirib ki, buzlaqlardakı dəyişikliklərin əsas səbəbi iqlim şəraiti ilə birbaşa bağlıdır və son yüz ildə müşahidə olunan dəyişikliklərin əsas səbəbi insan fəaliyyəti nəticəsində yaranan istiləşmədir.

Dr. Huss vurğulayıb ki, 2010–2020-ci illər arasında buzlaqların ərimə sürəti əvvəlki onilliyə nisbətən təxminən 36 faiz artıb.

O, Avropa Alp dağları, Qafqaz və Rokki dağları kimi nisbətən kiçik buzlaqlara malik bölgələrin ən sürətli itki yaşayan ərazilər olduğunu, ümumi buz itkisinə görə isə Alyaska və Patagoniya kimi yerlərin daha kritik vəziyyətdə olduğunu bildirib.

Gələcəkdə iqlim dəyişikliklərinin gedişatından asılı olaraq, buzlaqların daha da geriləyəcəyi proqnozlaşdırılır.

Huss deyib:

“Qlobal miqyasda 2100-cü ilə qədər mövcud buzlaqların 26-41 faizinin itəcəyi gözlənilir və uzunmüddətli dövrdə bu göstərici daha da arta bilər. Bəzi ssenarilərə görə, Avropa Alp dağlarında və Qafqazda yerləşən bütün buzlaqlar tamamilə yox olacaq.”

O qeyd edib ki, buzlaqların əriməsinin ən mühüm nəticələrindən biri dəniz səviyyəsinin qalxmasıdır:

“2100-cü ilə qədər dəniz səviyyəsinin ən azı 1 metr yüksələcəyi gözlənilir. Bu isə sahilboyu bölgələrdə yaşayan milyardlarla insan üçün ciddi təhlükə yaradır.”

Buzlaqların əriməsi okean ekosistemlərinə də təsir göstərə bilər. Xüsusilə sahil ərazilərinə daşınan çöküntü və qida maddələrinin miqdarının dəyişməsi bu proseslərdə kritik rol oynaya bilər.

Dr. Huss vurğulayıb ki, qlobal karbon emissiyalarının məhdudlaşdırılması bu təhlükənin qarşısını almaq üçün atılacaq ən vacib addımdır.
Seçilən
17
1
sherg.az

2Mənbələr