AZ

Böyük Misir Muzeyi - tarixə açılan qapı

"Bu muzey dünyaya yeddi min illik tarixi olan ölkədən hədiyyədir..."

Misirin qədim mirasına həsr olunmuş ən böyük muzey açılıb

Dublin şəhərindən "Heneghan Peng Architects" memarlıq bürosu uzun müddət gözlənilən Böyük Misir Muzeyinin Gizada tikintisinin başa çatdığını elan edib - layihə ilk dəfə açıqlanandan artıq üç onillik keçib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, muzey 50 min kvadratmetr sahədə, Giza piramidalarının yaxınlığında yerləşir və fironlar dövrünə aid 100 mindən çox eksponatı birləşdirir. Onların bir çoxu əvvəllər ictimaiyyət üçün nümayiş etdirilməyib. Ümumi bina sahəsi 81min kvadratmetrdir və memarların sözlərinə görə, bu "bir sivilizasiyaya həsr olunmuş dünyanın ən böyük muzeyidir".

Muzeyin inşası 1992-ci ildə, prezident Hösni Mübarək tərəfindən piramidaların təxminən iki kilometrliyində torpaq ayrıldıqdan sonra başlayıb. 2003-cü ildə "Heneghan Peng Architects" beynəlxalq müsabiqədə qalib gəlib, mühəndis işlərini isə Böyük Britaniyanın "Arup və Buro Happold" şirkətləri həyata keçirib.

Tikinti 2012-ci ildə başlanıb. İlkin olaraq açılış 2018-ci il üçün planlaşdırılsa da, siyasi və iqtisadi çətinliklər, həmçinin COVID-19 pandemiyası səbəbindən gecikib. Muzey qismən 2024-cü ildə, tam olaraq isə 1 noyabr 2025-ci ildə ziyarətçilərə açılacaq.

Təntənəli açılış və Misirin mədəni sərvəti

"Reuters" xəbər verir ki, Böyük Misir Muzeyinin açılış mərasiminə baş nazir və prezidentlər, həmçinin şahzadə ailələrinin üzvləri qatılıb. Muzeyin inşası 20 il çəkib və bu müddət ərzində üsyanlar, pandemiya və regional münaqişələr tikintini bir neçə dəfə dayandırıb. 

Misirin baş naziri Mustafa Madbuli muzeyi "dünyaya yeddi min illik tarixi olan ölkədən hədiyyə" adlandırıb. Açılış mərasimi möhtəşəm işıq şouları, pop-ulduzların çıxışları, orkestr, atəşfəşanlıq və qədim Misir iyerogliflərinin lazer proyeksiyaları ilə müşayiət olunub. Prezident Əbdül Fəttah əs-Sisi çıxış edərək bildirib ki, Misir "bu qədim millətin indiki və gələcək tarixində yeni bir səhifə yazır".

Mərasimdə Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Niderland və Macarıstan baş nazirləri, Fələstin Administrasiyasının prezidenti Mahmud Abbas, Konqo Demokratik Respublikasının prezidenti Feliks Çisekedi, həmçinin Oman və Bəhreynin varis şahzadələri iştirak edib. 

Muzeyin əsas eksponatı firon Tutankhamonun xəzinələrinin tam kolleksiyasıdır: məşhur qızıl maska, sarkofaq, taxt və minlərlə əşya 1922-ci ildə məzarlığın açılmasından sonra ilk dəfə bir yerdə nümayiş etdirilir. Giriş zalını isə Misir paytaxtından gətirilmiş II Ramzesin nəhəng heykəli bəzəyir.

"Heneghan Peng Architects" tərəfindən dizayn edilmiş muzey kompleksi müasir memarlıq üslublarını və piramid motivlərini birləşdirir. Böyük Misir Muzeyi təxminən 120 akr sahəni əhatə edir - bu, Vatikanla müqayisə edilə biləcək ölçüdür. Layihənin dəyəri bir milyard dolları aşır, əsas hissəsi isə Yaponiya kreditləri ilə təmin edilib. 

"Əl-Əhram" qəzetinin xüsusi buraxılışında layihə mədəni suverenlik və yumşaq güc rəmzi olaraq "Misirin imperiya muzeylərinə cavabı" kimi qiymətləndirilib. Yeni muzeyin Misirin turizm sektorunun bərpasında mühüm rol oynayacağı və uzunmüddətli qeyri-sabitlikdən zərər görmüş iqtisadiyyat üçün xarici valyuta mənbəyi olacağı gözlənilir.

Moderator.az

Seçilən
26
moderator.az

1Mənbələr