AZ

İsveçrəli “Qarabağ”ı nişan verdi, liderə “barmaq silkələdi”

10-cu turun maraq doğuran qarşılaşmalarından biri Tovuzda baş tutacaq.

Süni örtüyün təbii ilə əvəzlənməsinə görə yayda təmirə bağlanan stadion bu həftədən etibarən qapılarını yerli azarkeşlərin üzünə açacaq.

Rəqib isə vaxtilə “Turan Tovuz”u çalışdırmış, hazırda həm də Azərbaycan millisinə başçılıq edən Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı”dır.

Bazar günü Tovuz şəhər stadionunun tribunalarında boş yer tapılmayacağını indidən deyə bilərik. Hər halda, matçın gərginliyi bu cür düşünməyə əsas verir.

Sportinfo.az-a açıqlama verən Şamaxı təmsilçisinin isveçrəli “9 nömrə”si Karim Rossi ilk dəfə üzləşəcəyi rəqiblə bağlı fikirlərini dilə gətirib:

“Turan Tovuz” bu il yaxşı nəticələr qazanır. Hazırda turnir cədvəlinə liderlik etməsi komandanın gücündən xəbər verir.

Lakin “Şamaxı”nın da haqqını vermək lazımdır. Geridə qalan oyunlarda göstərmişik ki, düşündüklərimizi ortaya qoyanda istədiyimiz nəticəni əldə edirik.

Əlbəttə, çətin səfər olacaq. Önəmli olan baş məşqçinin tələb və istəklərini oyun ərzində yerinə yetirməkdir.

Bunu etməyi bacarsaq, istənilən komandadan xal və ya xallar ala bilərik. “Qarabağ”la görüşdə komanda şəklində xoş təsir bağışladıq.

Həmin oyunun davamını gətirməklə, istədiyimiz nəticəni qazanmaq mümkündür”.

Noyabrın 2-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

HƏBİB

Seçilən
45
sportinfo.az

1Mənbələr