AZ

"İslandiya və Fransa ilə matçdakı qələbə və ya məğlubiyyət millidəki işimizə təsir etməyəcək"

"Şamaxı" və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov komandasının ölkə kubokunda II təsnifat mərhələsində "Səbail"ə qalib gələrək, növbəti mərhələyə adlmasını şərh edib.

Sportal.az saytına açıqlama verən Abbasov, kubokdakı şanslarından danışıb:

"Kubokda I Liqa təmsilçilərinə qarşı çətin olur. Oynamayan oyunçularımıza şans verdik. Birinci hissədə istədiyimiz tempi ala bilmədik. İkinci hissədə üstünlük bizdə idi, sadəcə qol epizodlarında istifadə etmək alınmırdı. Rəqib də I Liqanın ən yaxşılarındandır. Onlar “Şəfa” ilə birlikdə yaxşı mübarizə aparırlar. Son “Şəfa” – “Səbail” oyununa da baxdım, yaxşı, mübariz oyun getdi. Bacardığımız qədər kubokda irəliləmək istəyirik. “Baku Sportinq”lə qarşılaşacağıq. I Liqanı çalışdığım qədər izləyirəm. Onlar da pis deyil. Bu liqada futbolçular həvəsli olur, istəkli, mübariz oyun oynayırlar. Həmin rəqibi də keçməyə çalışacağıq ki, sonra da “Qarabağ”la mübarizə aparaq. Bəlkə də, geniş olmayan heyət bizdədir. Gənclərdir, onları da başa düşürəm bu oyunlarda yükü götürə bilmirəm. Amma biz də qalib gəlmək istəyiriksə, nəyisə dəyişməliyik. “Baku Sportinq”lə matçda da gənclərə şans verəcəyik. Çempionat oyunları bizim üçün daha önəmli olur. Çünki ən əsası Premyer Liqada yerimizi qorumalıyıq".

"Şamaxı"nın çalışdırıcısı komandasının ölkə çempionatındakı durumuna, "Kəpəz"ə evdə 1:4 uduzduqdan sonra "Qarabağ" səfərində bərabərə (0:0) qalmalarını da xatırlayıb: "Çempionatda bəzi hadisələr olur ki, klubun möhkəmlənməsi, futbolçuların bir az daha yaxşı olması üçün vacibdir. Ötən mövsüm də “Kəpəz”ə məğlubiyyət oldu, ondan sonra komanda toparlandı. Bu dəfə isə 10 nəfərlə qaldıq, avtoqol yaşadıq. 67-ci dəqiqəyə qədər “Kəpəz” mərkəzi keçə bilmirdi. Bunu ilk dəfə edəndə, penalti oldu. O matçda futbolçularımı böyük ölçüdə qınamadım. Əsas istədiyim o idi ki, elə qırmızı vərəqə almamalıydıq. “Qarabağ”la görüşdə isə komandamız yaxşı reaksiya verdi. Bu gün də "Turan Tovuz"la qarşılaşacağıq. Biz futbolun inkişafını istəyiriksə azarkeş lazımdır. Bu gün azarkeşdən çəkinəyəcəyiksə....U-21 yığması ilə Portuqaliyada oynayanda, Barseluşdə 10 mindən çox azarkeş var idi, necə dəstək olurdular hamı görürdü. Azarkeş çox önəmlidir. Tovuz adına da sevinirəm ki, çətin durumlardan sonra komanda daha yaxşı, günü-gündən klub olaraq inkişaf edirlər. Meydançanın ot örtüyü, projektorlar dəyişdirildi. Futbolumuzun daha yaxşı olması üçün oyun meydançaları yaxşılaşmalıdır".

Sonda isə Ayxan Abbasov İslandiya ilə görüşün onun millidə qalıb-qalmayacağını aydınlaşıracaq matç olması haqda yayılan xəbərlərə münasibət bildirib: "Xeyr. Bizim rəhbərliklə danışığımız və öz aramızda razılığımız da olub. Həyatdır, hər şey ola bilər. Dörd oyun millidəki taleyimi həll etməyəcək. Millini çox çətin vəziyyətdə götürdük. Komandada ruh düşkünlüyü var idi, amma indi futbolçular inanır, qələbə qazanmaq istəyirlər. Bu da bizi sevindirir. İslandiya və Fransa ilə matçdan sonra AFFA ilə görüşümüz olacaq. Gələcək planlar var. Onsuz da, bunları danışırıq. Amma İslandiya və Fransa ilə matçdakı qələbə və ya məğlubiyyətlərin millidəki işimizə təsir etməyəcək”.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr