AZ

Venesuela ABŞ-a qarşı Rusiyadan hərbi yardım istədi...


Venesuela prezidenti Nikolas Maduro ABŞ-a qarşı Rusiyadan hərbi dəstək istəyib. "Washington Post" qəzeti əldə etdiyi məxfi sənədlərə istinadən yazır ki, Maduro Karib dənizində Amerika qüvvələrinin artmasına cavab olaraq Rusiyadan raketlər, radarlar və modernləşdirilmiş qırıcı təyyarələr istəyib.

Qəzet iddia edir ki, Maduro bu tələbi Rusiya prezidenti Putinə ünvanladığı məktubla çatdırıb.

Sənədlərə görə, Venesuela hökuməti müdafiəsini gücləndirmək üçün Çin və İrandan da hərbi yardım və avadanlıq istəyib. Qəzetin məlumatına görə, Maduro Si Cinpinə ünvanladığı məktubda ABŞ və Venesuela arasında münasibətlərin gərginləşməsinə qarşı çıxmaq üçün iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini istəyib.

Sənədlərdə İranla təmasları, əvvəllər hərbi texnika və dronların alınmasını koordinasiya edən və şəxsən İrana səfər etməyi planlaşdıran Venesuela nəqliyyat naziri Ramon Celestino Velaskezin davam etdirdiyi bildirilir. Qəzet yazır ki, Venesuela naziri adı çəkilməyən bir İran rəsmisinə Karakasın "aşkarlama avadanlığı", GPS siqnalizasiya sistemləri və "demək olar ki, 1000 km mənzilli dronlara" ehtiyacı olduğunu çatdırıb.

Qəzet qeyd edir ki, məxfi sənədlərdə Çin və İranın Venesuelanın tələbinə necə cavab verdiyi göstərilməyib. "Washington Post"un məlumatına görə, "Maduronun əsas xilaskarı Rusiya olaraq qalır". Flightradar24-ün məlumatlarına istinadən edən qəzet, Rusiyanın İlyuşin İl-76 yük təyyarəsinin bazar günü Karakasa gəldiyini və ertəsi gün Rusiyanın Venesuela ilə strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini təsdiqlədiyini bildirir.

Bu arada dünən ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşündə ABŞ ordusunun Venesueladakı hərbi obyektlərə hücuma hazırladığı barədə iddiaları təsdiqləməyib. Venesuelaya hücum etməyi düşünüb-düşünmədiyi sualına, ABŞ prezidenti "Xeyr" cavabını verib.

TAHİR

Seçilən
48
baki-xeber.com

1Mənbələr