AZ

Azərbaycan Velosiped İdmanı Federasiyasında yeni təyinat

Noyabrın 1-də Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdman.Biz bildirir ki, qurumun prezidenti Zaur Axundov federasiyanın idman direktoru vəzifəsinə dəvət olunmuş qazaxıstanlı Vladimir Buşanskini İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib.

Zaur Axundov mütəxəssisin ölkəmizdə uğurlu fəaliyyət göstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyə Komitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər və keçirilmiş çoxsaylı tədbirlər barədə iclas iştirakçılarını məlumatlandırıb. O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini bildirib.

“Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov, 2.1 kateqoriyalı bu yarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5 mərhələdən ibarət olacağını deyib. İcraiyyə Komitəsinin üzvləri yarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlara görülməsi vacib olan işlər haqda ətraflı məlumat verilib.

Federasiya prezidenti Zaur Axundov yarışın Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.

AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumat verilib. Daha sonra digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

İdman.Biz

Seçilən
37
8
idman.biz

10Mənbələr