AZ

Olqa Krasnyanskaya: Azərbaycan milli rəqsləri ifadəliliyi, dərinliyi və emosional dolğunluğu ilə valeh edir

Bakı, 2 noyabr, Günel Əliyeva, AZƏRTAC

Rəqs kiçik bir həyatdır, insan ruhu haqqında söhbətdir. Azərbaycanda isə bu cür gözəl ruhlar çoxdur və yəqin ki, elə buna görə də rəqs burada bu qədər təbii və səmimi səslənir. Xüsusilə də milli rəqslər inanılmaz dərəcədə ifadəlidir, dərin və emosionaldır.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Bakıda keçirilmiş “Azerbaijan Dance Festival 2025” çərçivəsində “Smooth & Rhythm Dance Style” (SRDS) şirkətinin prezidenti Olqa Krasnyanskaya səsləndirib.

Onun sözlərinə görə, rəqs sadəcə bir məşğuliyyət deyil, əsl peşəyə və ölkənin mədəni gələcəyinin mühüm bir hissəsinə çevrilə bilər.

“Psixoloqlar iddia edirlər ki, bütün uşaqlar üçün rəqslə məşğul olmaq faydalıdır, axı bu zaman beynin hər iki yarımkürəsi işləyir, bədənin və zehnin harmoniyası inkişaf edir. Sən rəqs edərkən musiqi sanki sənə qanad verir və sən gündəlik həyatda olmayan bir həyatı yaşayırsan”, – deyə o vurğulayıb.

SRDS-in prezidentinin sözlərinə görə, rəqs sadəcə hərəkət deyil, bir ruh halıdır, xüsusi bir fəlsəfə və meditasiya formasıdır və bu zaman insan həyəcandan azad olur və yeni enerji ilə dolur.

“Səmimi-qəlbdən ümid edirəm ki, Azərbaycanda bal rəqsləri istiqamətində güclü bir rəqs hərəkatı başlayacaq. Sizin ölkənizdə bunun üçün hər şey var – istedadlı müəllimlər, ilhamlanmış gənclik və hər hərəkətdə hiss olunan heyrətamiz bir enerji”, – deyə O.Krasnyanskaya yekunda söyləyib.

Seçilən
36
1
azertag.az

2Mənbələr