AZ

Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Yazını böyüt
Yazını kiçilt

Rusiya Teatr İncəsənəti İnstitutunda (GİTİS) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş “Xalq ruhunun səsi...” adlı beynəlxalq konfrans keçirilib.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Qnessinlər adına Rusiya Musiqi Akademiyası tərəfindən GİTİS-in iştirakı ilə təşkil olunub.

Konfransda iki ölkənin aparıcı musiqişünasları və teatr təhsili sahəsində tanınmış şəxsləri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bəstəkarın peşəkar milli musiqi məktəbinin formalaşmasında, dünya, sovet və Azərbaycan musiqisinin inkişafında, eləcə də Azərbaycan və rus mədəniyyət xadimləri arasında dialoq və əməkdaşlığın möhkəmlənməsində böyük rolunu qeyd edib. O vurğulayıb ki, Üzeyir Hacıbəyli Şərq musiqi ənənəsini, folkloru Qərb klassik məktəbi ilə birləşdirərək Azərbaycan mədəniyyətində bir çox islahatların əsasını qoyub. Bu ənənəni onun tələbələri olmuş Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, eləcə də müasir gənc Azərbaycan bəstəkar və ifaçıları davam etdiriblər.

Səfir həmçinin xatırladıb ki, Üzeyir Hacıbəylinin doğulduğu, işğaldan azad edilərək dirçəldilmiş Şuşa şəhərində bəstəkarın işğal dövründə dağıdılmış ev-muzeyi bərpa olunub və onun açılışında ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

GİTİS-in rektoru Qriqori Zaslavski qeyd edib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində konfransın keçirilməsi nəinki tək institut, ümumilikdə Rusiya mədəniyyəti üçün də mühüm əhəmiyyət daşıyır.

“GİTİS təkcə yaradıcılıq yönümlü ali məktəb deyil, həm də elmi fəaliyyətinə dəyər verən bir institutdur. Üzeyir Hacıbəylinin yaradıcılığı ciddi və düşüncəli müzakirə üçün geniş imkanlar açır”, – deyə o bildirib. Rektor əlavə edib ki, Rusiya və Azərbaycanın musiqi mədəniyyətləri daim qarşılıqlı zənginləşmə şəraitində inkişaf edib ki, bu da belə tədbirləri xüsusi əhəmiyyətli edir.

SSRİ Xalq artisti, GİTİS-in professoru Tamara Sinyavskaya konfransın təşkilatçılarına təşəkkürünü bildirib, belə tədbirlərin iki xalq arasında mədəni əlaqələri möhkəmləndirdiyini vurğulayıb. O, Azərbaycan musiqisinin tarixi ilə tanış olan və onun ənənələrini mənimsəyən tələbə və gənc ifaçıların iştirakının vacibliyini qeyd edib.

“Musiqi Dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov Üzeyir Hacıbəylinin həyatı və yaradıcılıq irsi haqqında danışıb və onun fəaliyyətinə həsr olunmuş video çarx təqdim edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli videobağlantı vasitəsilə iştirakçılara salamlayıb. Onun fikrincə, Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı Azərbaycanda müasir musiqi təhsilinin əsasını qoyub və yeni nəsil musiqiçiləri ilhamlandırmaqda davam edir.

Konfrans çərçivəsində həmçinin Qnessinlər adına Rusiya Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasının dosenti Angelina Alpatovanın, D.A.Bertman emalatxanasının musiqi rəhbərinin, dirijor Yevgeni Volkovun, GİTİS-in musiqi tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Flora Rəhimovanın, Rusiyanın Əməkdar incəsənət xadimi Aleksandr Barmakın, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının musiqi tarixi kafedrasının dosenti Tamila Canızadənin və başqalarının məruzələri dinlənilib.

Çıxış edənlər Üzeyir Hacıbəylinin Azərbaycan musiqili teatrının inkişafına və milli bəstəkarlıq məktəbinin formalaşmasına verdiyi töhfəni qeyd ediblər.

Seçilən
42
3
hafta.az

7Mənbələr