Azərbaycanda “Sab” brendi ilə ət və süd məhsulları istehsal edən “Zəhmət-Ruzi” MMC-yə məxsus məhsulun istehsal tarixi müzakirələrə səbəb olub.
NOCOMMENT.az Bakues.az-a istinadən xəbər verir ki, söhbət “İrəvan Xan dovğası”nın üzərində həkk olunan istehsal tarixindən gedir.
Belə ki, üzərində noyabrın 3-də istehsal olunacağı əks olunan dovğa artıq marketlərdə satışa çıxarılıb. Bu isə cəmiyyətdə çaşqınlıq yaradıb və bəzi müştərilər bunun texniki yanlışlıq olduğunu hesab etsələr də, digərlərində “Sab” brendinin məhsullarının qida təhlükəsizliyinə qarşı şübhələr yaranıb.
Məlumat üçün onu da bildirək ki, qanunvericiliyə görə, məhsulun üzərində onun istehsal tarixi və yararlılıq müddəti göstərilməlidir. Məhsulun üzərində istehsal tarixinin düzgün göstərilməməsi həm qanunun, həm də istehlakçının hüquqlarının pozulması və onun aldadılması anlamına gəlir.
Yararlılıq müddətinin saxtalaşdırılması isə ət və süd məhsulları üçün xüsusi risk yarada bilər.(İqtisadiyyat.az)