AZ

Rafa Silva ilə Sərgən Yalçın arasındakı gərginliyin əsil səbəbi bəlli oldu

''Fənərbaxça'' ilə derbi öncəsi ''Beşiktaş''ın əsas ulduzu Rafa Silva ilə bağlı maraqlı xəbər yayılıb. Onun baş məşqçi Sərgən Yalçınla münasibətlərinin qaydasında olmamasının əsil səbəbi bəlli olub.

Rafa Silva əzələsində problem olduğu üçün ''Kasımpaşa'' ilə oyunu buraxmışdı. Amma sən demə 32 yaşlı portuqaliyalı futbolçu 2024-ün yayında İstanbul nəhəngi ilə anlaşarkən o dönəmin 2-ci başqanı Hüseyin Yücəl ilə xüsusi bir razılıq əldə edibmiş. O, bir şərtlə - idman zalında çalışmaqdan azad olacağı halda müqaviləyə imza atacağını bildiribmiş. O dönəmdəki rəhbərlik bu şərti qəbul etmişdi. Sərgən Yalçından öncəki məşqçilər - Covanni van Bronxorst, Sərdar Topraktəpə və Ole Qunnar Sulşer Rafa Silvanın bu istəyinə göz yummuşdular. Amma Sərgən Yalçın baş məşqçi postuna təyin olunduqdan sonra Silvadan digər futbolçular kimi həftənin müəyyən günlərində trenajor zalında çalışmasını tələb edib. Portuqaliyalı isə əvvəlki rəhbərliklə olan anlaşmanı xatırladaraq bundan imtina edib. Bu xəbəri Türkiyənin ''sporx'' saytı paylaşıb.

Qarşıdan derbi gəldiyinə görə prezident Sərdal Adalının istəyi ilə iki tərəf arasındakı gərginlik belə desək, təxirə salınıb. Hələlik Yalçın da rəhbərliyin tələbi ilə futbolçunun bəzi kaprizlərinə göz yumacaq. Ancaq derbidən sonra nələr olacağı bilinmir. İndi camiədə hər kəs ''Fənər''lə oyuna köklənib. Rafa Silva da artıq tam sağlamdı və oynamağa hazırdı.

Onun qarşıdakı prinsipial oyunda əsas heyətdə olub-olmayacağına məşqçilər korpusu qərar verəcək. Ulduz futbolçu bu mövsüm 15 rəsmi oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

Seçilən
34
1
football-plus.az

2Mənbələr