AZ

“Ailə, qadın və uşaq məsələləri mediada” təlim

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 1 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda təlim proqramı keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib. Quba rayonunda baş tutan təlimin ilk günündə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə bildirib ki, təlim “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planının icrası istiqamətində həyata keçirilir. Təlimin məqsədi jurnalistlərin, xüsusilə də media üzrə təhsil alan gənc kadrların ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması üzrə bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Daha sonra “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova təqdimatla çıxış edərək, medianın uşaq hüquqlarının qorunmasında və ictimai məlumatlılığın artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, jurnalistlərin uşaq mövzularına həssas yanaşmasının vacibliyini qeyd edərək, bu istiqamətdə beynəlxalq təcrübə və milli qanunvericilikdən irəli gələn prinsiplər barədə məlumat verib.

Həmçinin mediada uşaqlarla bağlı məlumatların yayılması zamanı etik davranış qaydalarına riayət olunmasının, uşaqların şəxsiyyətinin və məxfiliyinin qorunmasının zəruriliyi xüsusi vurğulanıb. Eyni zamanda uşaqların kibertəhlükəsizliyi məqsədilə tövsiyələr diqqətə çatdırılıb.

Təlimin növbəti günündə təşkilati inkişaf və gender məsələləri üzrə ekspert Məryəm Məcidova iştirakçıları gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik mövzularında maarifləndirib. O, həmçinin Azərbaycanda gender-əsaslı cins seçiminin yaranma səbəbləri və onun sosial fəsadları barədə danışaraq, medianın gender bərabərliyinin təşviqində mühüm rolunu vurğulayıb. M.Məcidova gender-həssas jurnalistikanın cəmiyyətin inkişafına və bərabərlik prinsiplərinin möhkəmlənməsinə töhfə verən üstünlüklərindən də bəhs edib.

İştirakçılar qrup işləri formatında müxtəlif situasiyaları təhlil edib, media materiallarında uşaq hüquqlarının qorunmasına və gender bərabərliyinin təmin edilməsinə dair nümunələri müzakirə ediblər.

Təlimin yekununda tələbələrə fəal iştiraka görə sertifikatlar təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
azertag.az

1Mənbələr