AZ

AMD idarə heyətinin üzvü: Məqsədimiz Almaniyada çalışan iki minə yaxın azərbaycanlı həkimi sıralarımızda birləşdirməkdir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Auqsburq, 1 noyabr, AZƏRTAC

Bu gün biz növbəti illik konfransımızı keçiririk. Bu tədbir həm də bizim yubiley – beşinci konfransımızdır. Sevindirici haldır ki, Almaniyada işləyən həkimlərimiz arasında sıralarımıza qatılan, tədbirlərimizdə iştirak edən, ümumiyyətlə, Almaniyada çalışan tibb işçilərimizin sayı ildən-ilə artmaqdadır. Məqsədimiz Almaniyada işləyən iki minə yaxın azərbaycanlı həkimi sıralarımızda birləşdirməkdir. Əsas məqsədlərimizdən biri də özümüzü alman səhiyyə sisteminə tanıtmaq və bu mərhələyə gələnə qədər üzləşdiyimiz çətinliklərin gələcəkdə sıralarımıza qoşulacaq həmkarlarımızın çəkməməsi üçün keçdiyimiz yol barədə təcrübələrimizi bölüşməklə onların alman səhiyyə sisteminə daha sürətli inteqrasiyasını təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) idarə heyətinin üzvü Ümüd Səlimzadə media nümayəndələrinə açıqlamasında deyib.

Tədbirdə müzakirə olunan məsələlər barədə məlumat verən Ümüd Səlimzadə bildirib: “Bugünkü tədbirin əsas mövzusu olaraq son dövrdə bütün istiqamətlərdə aktuallaşan süni intellektin səhiyyə sahəsində tətbiqindən, onun çatışan və çatışmayan, etik və qeyri-etik tərəflərini müzakirə etdik. Digər panel iclasında isə müxtəlif ölkələrdə tibb təhsilinin qarşılıqlı müqayisəsi aparıldı, hər hansı tibb təhsili sisteminin üstünlük və ya çatışmazlıqlar müzakirə edildi, gələcəkdə hansısa ölkədə çalışan və karyerasını Almaniyada qurmaq istəyən tibb işçilərinin qarşılaşdığı problemlər barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda, tibb işçiləri çıxışlarında keçdikləri yol və tibbin müxtəlif sahələrinin inkişafına dair təcrübələrini bölüşdülər”.

Konfransın əhəmiyyətini qeyd edən AMD idarə heyətinin üzvü vurğulayıb: “Bu gün buraya gələrkən hər birimizin bir ideyamız var idisə, buradan ayrıldıqda artıq bir neçə ideyamız olacaq. Əvvəlki konfransla müqayisədə bugünkü tədbirdə iştirakçıların sayının 20 faiz artdığını nəzərə aldıqda ideyaların daha çox olacağını deyə bilərik. Ümid edirəm ki, bu tədbirdə səsləndirilən fikirlər tibb işçilərimizin inkişafına, onların alman səhiyyə sisteminə inteqrasiyasına öz töhfəsini verəcək”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
azertag.az

2Mənbələr