AZ

Kosmosdan keçən “hava yolu”: Tokio–Nyu-York arası cəmi 1 saata - XXI əsrin ən iddialı layihəsi

Yaponiyanın “Nippon Travel” turizm agentliyi və “Innovative Space Carrier Inc.” startapı 2030-cu illərə qədər həyata keçirilməsi planlaşdırılan sensasion layihəni təqdim ediblər.

Musavat.com xəbər verir ki, layihənin məqsədi Yer səthinin istənilən iki nöqtəsini - o cümlədən Tokio ilə Nyu-Yorku - cəmi bir saatlıq uçuşla birləşdirməkdir.

Bu məqsədlə xüsusi kosmik nəqliyyat vasitəsi hazırlanır: aerodinamik formasına görə təyyarəni xatırladan, lakin atmosferdən çıxaraq suborbital trayektoriya ilə hərəkət edən çoxdəfəlik raket-uçuş aparatının texniki imkanları sayəsində təyyarə Yer kürəsini qismən “kəsərək” bir nöqtədən digərinə kosmosun sərhəd xətti boyunca hərəkət edəcək.

Layihəni həyata keçirən “Innovative Space Carrier Inc.” şirkəti artıq sınaq mərhələsinə daxil olub. Onların konsepsiyası “SpaceX” və “Virgin Galactic” texnologiyalarına bənzər suborbital sistemlərə əsaslanır, lakin fərqli olaraq:

- uçuş okeanın ortasında yerləşən üzən kosmodromdan start götürəcək;

- raket atmosferin kənarına çıxacaq, səsdən 20 dəfə sürətlə (Mach 20) hərəkət edəcək;

- bir saatdan az müddətdə Yaponiyadan ABŞ-a, və ya əks istiqamətdə çatacaq.

Hər uçuşdan sonra aparat okeanda üzən platformaya geri enəcək və texniki baxışdan keçərək növbəti reysə hazırlanacaq.

Bu sistemin əsas üstünlüyü tam çoxdəfəlik olması və sərnişinləri kosmik təzyiqə məruz qoymadan orbitə yaxın hündürlükdə daşımamasıdır.

Turizm agentliyi açıqlayıb ki, bir tərəfli biletin qiyməti təxminən 657 min dollar olacaq. Bu, ilkin mərhələdə əsasən varlı iş adamları və elmi-tədqiqat ekspedisiyaları üçün nəzərdə tutulub.

Layihə çərçivəsində müraciətlərin qəbulu 2026-cı ildən başlanacaq və 2030-cu illərin əvvəllərində ilk kommersiya reysləri həyata keçiriləcək.

Ekspertlər hesab edirlər ki, bu təşəbbüs sivil aviasiyanın tarixi dönüş nöqtəsi ola bilər. Əgər Tokio–Nyu-York xətti uğurlu nəticə verərsə, gələcəkdə London–Sidney, Paris–Los Anceles və Dubay–San-Fransisko kimi istiqamətlər də açılacaq.

Hər iki ölkə - Yaponiya və ABŞ bu ideyanı strateji innovasiya layihəsi kimi dəstəkləyir. Yapon mühəndislər bunu “XXI əsrin transkontinental magistralı”, amerikalılar isə “kosmosdan keçən yeni hava yolu” adlandırırlar.

2030-cu illərin ortalarına qədər planetimizin iki ucu arasında cəmi 60 dəqiqəlik səyahət dövrü başlaya bilər. Kosmos artıq ulduzlara deyil, şəhərlərə açılan qapıya çevrilir.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr