AZ

XTQ zabiti: Düşmən Şuşanı geri qaytarmağa cəhd edirdi

Vətən müharibəsinin ilk günlərindən Murovdağ silsiləsində düşmənin nəzarətində olan yüksəkliklərin azad edilməsi uğrunda və Kəlbəcər istiqamətində döyüşlərə başladım. Mənim rəhbərlik etdiyim bölmənin birinci tapşırığı Murovdağ silsiləsində düşmənin nəzarətində olan yüksəkliklərin təmizlənməsi idi. Əməliyyat uğurla tamamlandıqdan sonra oktyabrın 2-də istiqaməti dəyişərək Füzuli, daha sonra Cəbrayıl, Xocavənd (Hadrut) və Şuşanın azad edilməsi uğrunda hərbi əməliyyatlara qoşulduq. Noyabrın 2-də Şuşa istiqamətində gedən qızğın döyüş zamanı qapalı kəllə-beyin travması alsam da, ilkin tibbi yardımdan sonra mübarizəyə davam etdim. Çünki qarşımda çox ciddi bir tapşırıq var idi: bir dəstə ilə Laçın istiqamətindən Şuşaya düşmənin hücumunun qarşısının alınması.

Publika.az xəbər verir ki, bunu AZƏRTACA-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, ehtiyatda olan polkovnik Qoşqar Abışov deyib.

“Noyabrın 5-də təyin olunmuş qrupla Şuşadan 6-8 kilometr Laçın tərəfə hərəkət edərək düşmənin Laçından Şuşa istiqamətində gələn qüvvələrinin qarşısının alınması tapşırığını aldıq. Tapşırığa uyğun olaraq, ərazidə dəqiqləşdirmələr apardım, qrupla hərəkət edərək əraziyə uyğun mövqeləndim və hücuma keçən düşmənin qarşısını iki dəfə aldım. Düşmən tanklar, yəni zirehli texnikalar və 100 yaxın heyətlə hücuma keçirdi.

Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələr artıq Şuşaya girmişdilər. Düşmən isə Şuşanı təkrar geri qaytarmağa cəhd edirdi. Noyabrın 8-dək biz düşmənin hücumunun qarşısını qətiyyətlə aldıq. Hətta qüvvələr nisbətində sayca bizdən çox olsalar da olduğumuz mövqedən şəhərə yaxınlaşa bilmədilər. Noyabrın 8-də isə Şuşa tam təmizlənərək Ordumuzun nəzarətinə keçdi. Şuşa məğlubiyyəti erməniləri noyabrın 10-da ağ bayraq qaldırmağa məcbur etdi. Üç il sonra, yəni 2023-cü ildə antiterror əməliyyatlarında Şuşa-Xankəndi istiqamətində döyüş tapşırığını uğurla yerinə yetirərək suverenliyimizin tam bərpa edilməsi prosesinin də iştirakçısı oldum. Vətən müharibəsi və onun məntiqi yekunu olan antiterror əməliyyatları mənim Azərbaycan Ordusunda 28 illik xidmətimin şah əsərləridir. Uzun illər Vətənə xidmətimi Zəfərlə taclandırmaq mənim üçün qürurvericidir", - deyə polkovnik qeyd edib.

Seçilən
10
publika.az

1Mənbələr