AZ

2030-cu ildə Azərbaycanda 1-ci sinfə gedənlərin sayı azı 6 dəfə azalacaq... Demoqrafik fəlakətə qarşı nə edək?..


Kamran Əsədov: “Bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər”

Son illər Azərbaycanda demoqrafik göstəricilər əhəmiyyətli şəkildə dəyişməkdədir. Məsələn, 2024-cü ildə ölkədə təxminən 102 310 yeni doğulan uşaq qeydə alınıb. 2023-cü ildə bu rəqəm 112 620 olmuşdu. Məlumat üçün deyək ki,2025-ci ilin yanvar ayı ərzində isə 8 557 körpə doğulub və bu göstərici 1 000 nəfərə düşən doğum sayının 9,9-ə çatdığını göstərir (əvvəlki ilin eyni ayı üçün bu rəqəm 9,7 idi). Bu demoqrafik azalma bir neçə ildən sonra birinci sinfə girəcək uşaqların da sayının azalmasına gətirib çıxara bilər. Uşaq sayının azalması isə gələcəkdə müəllim ehtiyacının azalması kimi proseslərə səbəb ola bilər.

“Uşaq sayının azalması təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək”

Təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a şərhində bildirdi ki, hazırda Azərbaycanda 150 minə yaxın müəllim fəaliyyət göstərir: “Hər il orta hesabla əvvəlki ildən 14–15 min az uşaq məktəbə gedəcəksə, 10 ildən sonra ibtidai və əsas təhsil səviyyəsində 10–12 min müəllimin artıq qalması mümkündür. Bu isə dövlətin kadr siyasətində çevik qərarlar qəbul etməsini tələb edəcək. Lakin burada ixtisar yox, yenidən yönləndirmə və ixtisasartırma mexanizmlərinin tətbiqi daha məqsədəuyğundur. Azalma təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək. Doğum səviyyəsinin azalması fonunda gələcəkdə doktorantura və tədqiqat proqramlarına müraciət edən gənclərin sayında azalma kadr qıtlığını dərinləşdirə bilər. Peşə və orta ixtisas təhsili sektorunda da oxşar vəziyyət formalaşır. 2024-cü ildə ölkədə peşə təhsili müəssisələrində təhsil alanların sayı 32 min nəfər olub, bu da ümumi təhsilalanların cəmi 2 faizinə bərabərdir. Əgər demoqrafik azalma tendensiyası davam edərsə, peşə məktəblərinə qəbul edilənlərin sayı daha da azalacaq, bu isə sənaye və texniki sektorun insan resurslarını məhdudlaşdıracaq. Bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər. Məlum vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən regional təşviq mexanizmləri – məsələn, kənd müəllimlərinə əlavə maliyyə dəstəyi, mənzil proqramları və xidmət stajının artırılması kimi tədbirlər həyata keçirilməlidir”.

Günel CƏLİLOVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr