AZ

Bir avtomobil özünə, birini də bank üçün alır: “əlverişli” kreditlərin görünməyən üzü

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda nəqliyyat sektorunun kreditləşdirilməsində kəskin artım qeydə alınıb. Cari ilin oktyabrın 1-nə olan göstəricilərə görə, sektora yönəldilən kreditlərin həcmi 1 milyard 784,8 milyon manata çatıb.

Müqayisə üçün ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 370,8 milyon manat idi.

Bəs nəqliyyat vasitələrinin kreditlə alınmasının artması bazarda süni qiymət artımına və ya paytaxtdakı tıxac probleminin daha da dərinləşməsinə gətirib çıxara bilərmi? Ümumiyyətlə, nəqliyyat sektorunda kreditləşmənin bu qədər sürətlə artmasının əsas səbəbləri nələrdir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, son vaxtlar nəqliyyat kreditlərinin artması bir sıra səbəblərlə bağlıdır.

Onun sözlərinə görə, əsas amillərdən biri kreditlərin “əlverişli” şərtlərlə təqdim olunmasıdır:

“Məhz bu səbəbdən, vətəndaşlar nəqliyyat vasitəsi almağa daha çox maraq göstərirlər. Müasir həyatın ritmi, iş yorğunluğu, tıxac və ictimai nəqliyyatdakı problemlər insanları şəxsi avtomobil sahibi olmağa sövq edir. İşdən çıxıb rahat şəkildə evinə getmək istəyi bir çoxları üçün artıq lüks deyil, zərurətə çevrilib. Lakin bu prosesin arxasında ciddi iqtisadi yük dayanır. Belə ki, avtomobil kreditlərinin faiz dərəcələri yüksəkdir. Əslində, vətəndaş kreditlə avtomobil alarkən sanki bir maşını özü üçün, digəri isə kredit verən şirkət üçün alır. Bununla belə, vətəndaşlar yüksək faizlərə baxmayaraq kredit götürməkdə maraqlıdırlar. Çünki ilkin məbləğ cüzi görünür, aylıq ödənişlər isə uzunmüddətli şəkildə bölünür. Məsələn, orta gəlirli şəxs, aylıq 1200-1500 manat maaş alan vətəndaş ayda 400-600 manat arası ödənişlə avtomobil sahibi ola bilir. Bu, onun gəlirinin yarısına yaxın olsa da, insanlar rahatlıq naminə bu xərci üstün tuturlar”.

Günay Hüseynova 

İqtisadçı onu da qeyd edib ki, son illərdə ucuz və yeni avtomobillərin, xüsusilə Çin istehsalı modellərin bazara çıxması prosesi daha da sürətləndirib:

“Artıq 20-25 min manata sıfır kilometr maşın almaq mümkündür. Halbuki bir neçə il əvvəl həmin məbləğə yalnız 10-15 illik avtomobil tapmaq olurdu. Yəni qiymət münasibdir, kredit şərtləri isə alıcı üçün nisbətən əlçatandır. Lakin bu tendensiyanın mənfi tərəfləri də var. Nəqliyyat kreditlərinin çoxalması avtomobillərin sayını artırmaqla tıxac və qəza hallarını da çoxaldır. Yol-nəqliyyat hadisələrinin çoxalması həm vətəndaşlara, həm də dövlət büdcəsinə əlavə yük yaradır. Qəzalar nəticəsində dövlət əmlakına dəymiş zərərin bərpası da büdcədən maliyyələşdirilir”.

Müsahibimiz deyib ki, sürücülük vəsiqələrinin asanlıqla əldə edilməsi və kreditlərin hər kəs üçün əlçatan olması nəticəsində bəzi ailələr artıq ikinci, hətta üçüncü avtomobillərini alırlar:

“Bu, həm tıxac problemini dərinləşdirir, həm də bank sektorunda riskləri artırır. Belə vəziyyətdə kredit portfelində likvidlik problemi yarana bilər. Rəsmi gəliri az olan, əlavə gəlir mənbəyi olmayan şəxslərə kredit verilməsi sonradan ödəniş problemlərinə gətirib çıxarır. İşini itirən və ya əmək qabiliyyətini müvəqqəti itirən şəxslər kreditlərini qaytara bilmir, nəticədə borc artır, avtomobil satılsa belə, borcun hamısı ödənilmir. Bu baxımdan, kredit verən təşkilatlar üçün daha sərt tələblərin tətbiqi vacib görünür. Kredit alan şəxsin gəlir mənbəyi, maliyyə sabitliyi və ödəmə qabiliyyəti diqqətlə qiymətləndirilməlidir. Zaminlik və digər təminat mexanizmləri gücləndirilməlidir. Əks halda, avtomobil kreditləri sahəsində yaranan süni “əlverişlilik” uzunmüddətli iqtisadi risklərə çevrilə bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
globalinfo.az

2Mənbələr