AZ

Azərbaycanda Halloween oyunu qızış(dırıl)ır - dini, mental dəyərlərimiz əldən gedirmi?..


Fatimə Hacıbəyli: “Bu tip bayramlar xalqın həyat tərzini, mental görüşünü, milli-dini dəyərlərini zədələyə bilər”

31 oktyabringilis dilində “Halloween”, dilimizdə isə "Hellouin" adlanan balqabaqlar, cadugərlər bayramıdır. Bu bayram xristian dünyasına məxsus olsa da, ölkəmizdə də qeyd edilir. Azərbaycanda da son illər böyük maraqla gənclər tərəfindən qeyd olunan bu bayramın keçirilməsi hətta ənənəyə çevrilməyə başlayıb. "Halloween" zamanı insanlar qorxulu kostyumlar geyinir, bayramın simvolu kimi küpəgirən qarı, skelet, qara pişik obrazlarından istifadə olunur. Bayramın əsas simvolu isə balqabaqdır ki, içərisi boşaldılır və yanan şam yerləşdirilir.

Maraqlıdır, bu bayram bizə lazımdırmı?

“Qorxulu qrimlərin edildiyi, qan və dəhşət saçan elementlərin olduğu "Halloween" aqressiya saçır və uşaqların vizual yaddaşına köçürülərək onlara mənfi təsir göstərir”

Sosioloq Fatimə Hacıbəyli baki-xeber.com-a şərhində bildirdi ki, bütün ölkələrin mədəniyyətini, bayramını öyrənmək, buna həvəs göstərmək çox yaxşıdır: “Ancaq bu bayramların keçirilməsinə biz ayrı münasibət bəsləməliyik. “Halloween” şər qüvvələrlə bağlı bayramdır. Keçmişdə mövcud olan satanizm ideyalarından gələn elementlər bayram atributlarında da əks olunub. Bu ideyalarda diqqətli olmaq lazımdır. Avropa, xristian adət-ənənələrindən gələn bəzi neqativ tərəflərə qarşı bağçalara, məktəblərdə nəzarət etmək lazımdır. Bu tip bayramlar xalqın həyat tərzini, mental görüşünü, milli-dini dəyərlərini zədələyə bilər. Belə tədbirlərinAzərbaycana gətirilməsinin qarşısını almalıyıq, çünki bayramlar milli ruhu əks etdirməlidir. Yad ruhları əks etdirənlərin kütləviləşdirilməsi, ənənə şəklinə salınması düzgün deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, “Halloween artıq dini bayram yox, əyləncə xarakteri daşıyan bir şənlikdir: “Bu bayram artıq kommersiya xarakteri alıb. Bəzi iş adamları həmin bayramlarla bağlı məhsullar istehsal etməklə fürsətdən istifadə edir. Onları xalqın düşüncəsi, mental dəyərlər deyil, qazanc maraqlandırır. Həmin tədbirlərə gedilməsə, valideynlər uşaqlarını göndərməsə iş adamları bayram üçün lazım olan aksesuarları, geyimləri ölkəyə satmaq üçün gətirməz. Onu da deyim ki, qorxuducu personajların yer aldığı bu bayram şənliklərində insanların, xüsusən uşaqların şüuraltına təsir edən bir çox məqam var. Qorxulu qrimlərin edildiyi, qan və dəhşət saçan elementlərin olduğu "Halloween" aqressiya saçır və uşaqların vizual yaddaşına köçürülərək onların psixologiyasına mənfi təsir göstərir”.

Günel CƏLİLOVA

Seçilən
57
baki-xeber.com

1Mənbələr