Son 20 ildə aqrar məhsulların həcmi 2 dəfədən çox artıb
Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illər bu vacib sahənin ölkə iqtisadiyyatının şaxələnditrilməsinə, qeyri-neft sektorunun inkişafına töhfəsi getdikcə artır.
Ümummlilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, ehtiyatlardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ulu öndər tərəfindən qoyulmuş aqrar strategiya hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Ümumilikdə isə, aqrar islahatlar kənd təsərrüfatının inkişafının daha da sürətləndirilməsini nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Məlum olduğu kimi, 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında verilir. Bununla yanaşı, ölkədə aqrar sığortanın tətbiqi müxtəlif təbiət hadisələri nəticəsində fermerlərə dəyən ziyanı qarşılamağa imkan yaradır. Heç şübhəsiz, bütün bunlar kənd təsərrüfatına, zəhmət adamına olan doğma münasibətin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli fərmanı ilə hər il noyabr ayının 1-nin Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramı günü kimi təsis edilməsi isə, heç şübhəsiz, bu sahədə çalışan zəhmət adamının fəaliyyətinə verilən yüksək qiymətdir.
Son illər aqrar sektorda təşəbbüskarlıq artır, bu sahədə məşğul əhalinin sayı çoxalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə üzrə 5 milyon 29,8 min nəfər məşğul əhalinin 1 milyon 782,3 min nəfəri məhz kənd təsərrüfatında çalışır. Hazırda əhalisinin, təqribən, yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişafı, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Elə ölkədə həyata keçirilən aqrar islahatların birinci hədəfi də məhz buna nail olmaqdan ibarətdir.
İkinci hədəf isə qeyri-neft istehsalında xüsusi çəkiyə malik kənd təsərrüfatı məhsullarının ixracını artırmaqdır. Son illər aqrar sektorun inkişaf etdirilməsi, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirlər nəticəsində hər iki istiqamətdə uğurlarımız getdikcə artır.
Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sahənin ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Bu nəticələrə dövlətin yürütdüyü uğurlu aqrar siyasət və fermerlərə göstərilən xüsusi diqqət sayəsində nail olunub. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının, təqribən, 30 faiz artmasına imkan yaradıb.
Aqrar sektorda müşahidə olunan müsbət dinamika bu ilin 9 ayında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 359,8 milyon manat təşkil edib. Bunun da 5 milyard 951,8 milyon manatı bitkiçilik, 5 milyard 408 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Cari ilin 9 ayında əvvəlki ilin eyni dövrü müqayisədə kənd təsərrüfatının ümumi istehsalı 0,1 faiz artıb.
Bununla belə, kənd təsərrüfatının mühüm sahələrindən sayılan bitkiçilik məhsullarının istehsalının artırılması üçün ölkədə geniş imkanlar mövcuddur. Bu səbəbdəndir ki, son illər istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əkin sahələrinin genişləndirilməsi isə məhsul bolluğuna təminat yaradan mühüm amildir. Bu məqsədlə ötən ilin payızından başlayaraq 2025-cü ilin məhsulu üçün bitkiçilik məhsullarının əkini intensiv qaydada davam etdirilib.
Torpaq da kəndliyə borclu qalmayıb, səxavəti ilə onun üzünü ağardıb. Qoynunda yetişdirdiyi barı-bərəkəti ilə həm gün-güzəranın yaxşılaşmasına, həm daxili bazarda məhsul bolluğunun yaradılmasına, həm də ölkənin ixrac potensialının artırılmasına töhfə verib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında sahələrdən 2 milyon 992 min ton taxıl, 1 milyon 670 min tondan çox tərəvəz, 875 min tona yaxın kartof, təqribən 459 min ton bostan bitkiləri, 802 min tondan artıq meyvə və giləmeyvə, 165 min ton üzüm və digər məhsullar yığılıb.
Kənd təsərrüfatının digər mühüm sahəsi olan heyvandarlıqda da qənaətbəxş nəticələr əldə olunub. Belə ki, cari ilin 9 ayında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 434,3 min ton ət, 1 milyon 699 min ton süd, 1 milyard 789 milyon ədəd yumurta və digər heyvandarlıq məhsulları istehsal olunub. Bütün bunları isə kənd təsərrüfatı işçilərinin bayram hesabatı kimi qəbul etmək olar.
Bayramınız mübarək, zəhmət adamları, əmək fədailəri!
Mirbağır YAQUBZADƏ
XQ