Oktyabr ayında Dövlət Sərhəd Xidməti (DSX) ölkə sərhədinin qorunması, qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotik vasitələrin dövriyyəsinə qarşı uğurlu əməliyyatlar aparıb.
Doğru.az xəbər verir ki, ay ərzində sərhədi pozan 21 nəfər saxlanılıb. Onlardan 5-i Azərbaycan, 3-ü Əlcəzair, 3-ü Pakistan, 2-si Əfqanıstan, 2-si Mərakeş, 2-si Ukrayna, 1-i İran, 1-i Türkiyə, 1-i Seneqal və 1-i Suriya vətəndaşıdır.
Qanunsuz miqrasiya ilə bağlı 9 nəfər saxtalaşdırılmış sənədlərlə sərhədi keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhəd rejimi qaydalarını pozan 757 nəfər barəsində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı aparılan əməliyyatlar nəticəsində 329 nəfər saxlanılıb və aidiyyəti orqanlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 48 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarda 489 kiloqram 871 qram narkotik və 4689 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.
Qaçaqmalçılığa qarşı tədbirlər çərçivəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat olan mallar, o cümlədən silahlara aid patronlar, Rusiya valyutası, pirotexniki vasitələr, dərmanlar, spirtli içki və tütün məmulatları aşkarlanaraq götürülüb.
Bildirilib ki, dövlət sərhədlərinin etibarlı qorunması istiqamətində əməliyyatlar davam etdirilir.
DOĞRU.AZ
