AZ

Xristianların kilsəsi çox hündürdür, yoxsa müsəlmanların məscidi?

Ötən gün oxuduğum maraqlı xəbərlərdən biri də ən hündür kilsə qülləsi ilə bağlı olub.

Məlumatda deyilirdi ki, Barselonadakı Saqrada Familia kilsəsinin mərkəzi qülləsi Almaniyanın Ulm şəhərində yerləşən məşhur Münster kilsəsini geridə qoyaraq dünyanın ən hündür kilsə qülləsi adını qazanıb.

“Saqrada Familia kilsəsində inşaatın son mərhələsində mərkəzi qülləyə xaçın ilk hissəsinin quraşdırılması ilə yeni rekord qeydə alınıb. İsa Məsihə həsr olunmuş mərkəzi qüllənin hündürlüyü xaç hissəsinin aşağı hissəsinin əlavə edilməsi ilə 162,91 metrə çatıb və bununla Ulm Münsterini geridə qoyub. Tikintinin 2026-cı ildə başa çatması ilə bazilikanın ümumi hündürlüyü 172,5 metr olacaq. İnşası 1890-cı ildə tamamlanmış Ulm Münster kilsə qülləsinin hündürlüyü isə 161,53 metrdir”.

Bir müsəlman olaraq bu xəbər məni xırda bir araşdırma aparmağa məcbur etdi: Əcəba, bizim məscidlərimizin, onun qüllələrinin hündürlüyü nə həddədir?

Araşdırandan sonra məlum oldu ki, 2010-cu ilə qədər dünyanın ” ən hündür minarə” tituluna Mərakeşin Kasablanka şəhərində yerləşən II Həsən məscidi layiq imiş. Daha dəqiq, minarəsi 210 metr olan bu məscid dünyanın ən yüksək memarlıq abidələrindən biri hesab olunurmuş.

Amma Əlcəzairdə inşası 2010-cu ildə başlayan və Çin inşaat firması tərəfindən tikilən “Böyük Məscid” (Camaa al-Cazair) “II Həsən”i gözdən salıb. Deməli, ölkənin keçmiş prezidenti Əbdüləziz Buteflikanın 898 milyon dollarından keşdiyi layihəsinə görə, məscid Afrikadakı ən böyük və hündür məscid olmalıymış, olub. 265 metr!

Məscid, həmçinin 120 min nəfərlik ibadət yeri ilə dünyanın üçüncü, İslamın müqəddəs şəhərlərindən kənarda yerləşən birinci ən böyük məscididir. Əminəm ki, o hündür kilsələrin helikopter meydançası filanı yoxdur! Amma məsciddə helikopter meydançası da var , həmçinin 1 milyona qədər kitab saxlaya bilən kitabxanası da mövcuddur. Hələ bu harasıdır? Məscidin üzərinə ümumi uzunluğu 6 kilometr olan Quran ayələri həkk edilib. (Düzdür, indi müsəlmanlar kitab oxumasalar da, Quran ayələrinə riayət etməsələr də, zato, varımızdır).

Mənim kimi müqayisə aparan müsəlman bacı və qardaşlarımı sakitləşdirim ki, biz dünyada üç ən böyük məscidə: Məkkədəki əl-Həram, Mədinədəki Məscidun-Nəbi və Məşhəddəki İmam Rza məscidlərinə də malik müsəlmanlarıq.

Elə Qafqazda da ən böyük ibadət evi Azərbaycandadır. 2014-cü ildə tikilən və 95 m hündürlüyü olan Heydər məscidi !

Əntiqə Rəşid

 

 

 

 

 

 

 

Seçilən
36
nocomment.az

1Mənbələr